“SOCAR Petroleum”da araşdırmalar aparıldı
Bir müddət əvvəl fərdi sahibkarlar tərəfindən “SOCAR PETROLEUM” QSC-dən alınan neft məhsullarının alıcının ünvanına çatdırılmaması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciət əsasında araşdırma aparılıb.
ENA.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, araşdırma zamanı alıcılara qarşı əlverişsiz müqavilə şərtlərinin tətbiq edildiyi müəyyən olunub və antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə QSC-yə qarşı iş qaldırılıb. İşə baxılıb və müqavilə şərtlərinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması barədə QSC-yə icrası məcburi göstəriş verilib.
Bununla yanaşı, Dövlət Xidməti “SOCAR PETROLEUM” QSC-nin “Tənzimlənən qiymətlər haqqında” və “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olmayan fəaliyyəti nəticəsində əldə etdiyi 27 412 962 manat gəlirin dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edib.