Avtomobil

Bakıda dizel limitlə satılır? - SOCAR-dan açıqlama

Dünən axşam saatlarında Bakıdakı yanacaq doldurma məntəqələrində dizel satışına məhdudiyyət qoyulması ilə bağlı məlumat yayılıb. Sürücülərin Modern.az-a bildirdiyinə görə, "Azpetrol" yanacaqdoldurma məntəqəsindən başqa, digər YDM-lərdə dizel limitlə satılıb.

Qeyd edilib ki, buna səbəb Neft Emalı Zavodunda aparılan təmir işləridir.

Məsələ ilə bağlı “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, hazırda bu sahədə hansısa problem yoxdur:

"Hazırda "SOCAR" brendli yanacaqdoldurma məntəqələrində dizel yanacağının satışı ilə bağlı heç bir çətinlik yoxdur. Qeyd olunan yanacaq növünün satışı fasiləsiz olaraq həyata keçirilir". 

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) istehsal gücünün artırılması, respublikanın “AVRO-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, ətraf mühitə təsirlərin minimuma endirilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri həyata keçirilir.

Bu səbəbdən 4 aprel 2022-ci il tarixdən etibarən “NEZ” əsaslı planlı təmirə dayandırılıb. 2022-ci ilin əsaslı təmiri NEZ-də uzun müddətli (bir ildən çox) fasilədən sonra həyata keçirilir, işlər həcminə və mürəkkəbliyinə görə əvvəlki illərin təmir işlərindən kəskin fərqlənir. Təmirə dayanma zamanı SOCAR və kənar təşkilatlardan 2000-dən çox işçi qüvvəsi cəlb ediləcək.

Əsaslı təmir müddəti ərzində respublikanın müvafiq mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması üçün SOCAR tərəfindən lazımi tədbirlər görülüb. Belə ki, NEZ-in strukturuna daxil olan keçmiş “Azərneftyağ” NEZ-in bir sıra qurğuları istismarını davam etdirəcək və müəyyən həcmdə kerosin, dizel və benzin istehsal olunacaq. Həmçinin ölkənin dizel və kerosin yanacaqlarına olan tələbatı NEZ-də formalaşdırılmış ehtiyatlar hesabına təmin ediləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)