Birja

Neft qiymətləri OPEC+ toplantısı öncəsi bahalaşdı

Aİ-nin Rusiyadan yanacaq idxalına embarqo qoyması planları fonunda bir gün əvvəl 5% sıçrayışdan sonra neft qiymətləri bugün yüksəlməyə davam edir.

Treyderlərin diqqət mərkəzində hasilatın cüzi artımı ilə bağlı qərarın qəbul ediləcəyi gözlənilən OPEC+ iclasıdır.

Londonun ICE Futures birjasında bugün saat 9:15-ə Brent markalı neftin iyul fyuçerslərinin dəyəri bir barel üçün 110,86 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,72 dollar (0,65%) çoxdur. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında iyun ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 108,25 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,44 dollar (0,41%) çoxdur. 

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen çərşənbə günü bildirib ki, AK Rusiya Federasiyasına qarşı qarşıdan gələn altıncı sanksiyalar paketi çərçivəsində Aİ ölkələri tərəfindən bütün Rusiya neftinin idxalına qadağa qoyulmasını zəruri hesab edir.

Bloomberg həmçinin bildirib ki, Avropa ölkələri öz şirkətlərinə Rusiyaya neftin daşınması, o cümlədən sığorta xidmətləri göstərilməsini qadağan edə bilər.

"Neft tədarükünün bu qədər ciddi şəkildə azalması ehtimalına görə bazarda yüksəliş gözləniləndən çox zəifdir", - Australia & New Zealand Banking Group-un əmtəə analitiki Daniel Hines bildirib.

"Sanksiyalar çox güman ki, yaxın gələcəkdə tədarükün azalmasına gətirib çıxaracaq, Çin COVID-19-un hazırkı epidemiyasına nəzarəti ələ alacaq və məhdudiyyətləri yumşaldacaq. Bu, bazar üçün çətin vəziyyət yaradacaq", - Bloomberg Hinesdən sitat gətirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)