Azərbaycanda 4 günlük iş rejiminə keçid reallaşa bilər?
Avropa ölkələrində bir neçə ildir ki, 5 günlük iş rejimindən 4 günlüyə keçmək məsələsi müzakirə olunur. Artıq bəzi ölkələrdə iş günlərinin sayı 4-ə endirilib. Şimal qonşumuz olan Rusiyada da bununla bağlı gündəm yaranıb. Belə ki, yaxın günlərdə Rusiyada 4 günlük iş rejiminə keçid planlaşdırılır.
Bəs, Azərbaycanda 4 günlük iş rejimi tətbiq edilə bilərmi?
Bununla bağlı danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, əmək rejimi dünyanın hər yerində 5 günlükdür:
“Təbii ki, bu təhsilə aid deyil. Burada məsələ təhsil işçisinin dərs saatı ilə müəyyən olunur. Son bir neçə ildə mətbuatdan aldığım məlumata görə, Avropada bəzi ölkələr 5 günlük iş rejimindən 4 günlük iş rejiminə keçid barədə məsələ qaldırır. Ancaq dünyanın heç yerində islahat asanlıqla, yaxud uğurla nəticələnməyib. Bir sıra ölkələrdə islahat aparılıb, ancaq islahatın ortasında və ya sonunda görünüb ki, uğursuz alınıb. Bu, bir neçə ildir ki, Avropanın gündəmində, müzakirəsində olan məsələdir. Biz nəyə görə birinci qabağa düşlənlərdən olmalıyıq?”
Deputatın sözlərinə görə, dövlətin iqtisadiyyatı əmək qüvvələrinin, əmək bazarının üzərindədir:
“Vətəndaş öz ölkəsində işləyir, bununla da çalışır ki, ölkənin iqtisadiyyatına töhfə versin. Mən bu təklifi tamamilə rədd etmirəm və əleyhinə deyiləm. Eyni zamanda, tərəfdarı da deyiləm ki, sabah bu bizdə də tətbiq olunsun. Çünki bu əvvəlcə hansısa ölkədə tətbiq olunursa, bir neçə ildən sonra bilinəcək ki, uğurlu olub, yoxsa yox. Məsələn, SSRİ-dən ayrılan Azərbaycana nisbətən bəzi iqtisadi cəhətdən zəif ölkələr qabağa düşdülər, səhiyyə sahəsində islahat apardılar və icbari tibbi sığorta tətbiq etdilər. Ancaq uğursuz oldu. İndi islahat yarımçıq qalıb. Nə irəli gedə bilirlər, nə geri. Amma Azərbaycanda dövlət başçısının rəhbərləyi ilə ölkənin hər yerində ciddi səhiyyə infrastrukturu yaradıldı. Çox yüksək təhsilə malik tibb kadrları yetişdirildi. Büdcəmiz də zənginləşdi. Məlum olduğu kimi, bundan sonra bir neçə ildir tibb sahəsində ciddi fundamental islahatlar gedir. 5 günlük əmək rejimindən 4 günlük əmək rejiminə keçmək məsələsi tamamilə yeni məsələdir. Bəlkə də, dünyanın zəngin ölkələrində, Skandinaviya ölkələri, Yeni Zellandiyada bu qərar qəbul edilmək ərəfəsindədir, yaxud qəbul olunub. Hansısa ölkə belə qərarı qəbul edibsə, həmən Azərbaycanda da qəbul edilməlidir deyə bir şey yoxdur”.
“İndi Rusiya mətbuatında bu barədə söhbət gedir. Amma Rusiyanın nə parlamentindən, nə ayrı-ayrı dövlət qurumlarından, nə də prezident tərəfindən belə qərar verilib. İndi bu barədə Azərbaycanda da danışıla bilər. Ölkədə demokratiya var. Bu məsələni ictimaiyyətdə, mətbuatda, sosial şəbəkələrdə müzakirə edə bilərlər. Ayrı-ayrı dəyirmi masalar da keçirə bilərlər. Hər təklif dəyərləndirilməlidir. Məsələ müzakirə olunmalıdır ki, bunun xeyri və ya zərəri nə qədər olacaq. Bundan sonra məsələyə baxıla bilər. Mən düşünürəm ki, Azərbaycanda heç bir tədqiqat aparılmamış, ekspertiza olunmamış Avropada bir neçə ölkə bu rejimə keçib deyə, buna keçmək yanlış və uğursuzluq olar. Heç buna islahat da demək olmaz”.
M.İbrahimqızı hesab edir ki, bu məsələdə dünya praktikasından istifadə edilməlidir:
“Məlum olduğu kimi, Beynəlxalq Əmək Təşkilatıının əmək üzrə ekspertləri var, onlar öz rəylərini verməlidirlər. Yekun bir qərar olmalıdır, bundan sonra məsələyə baxıla bilər. İndi dünya qloballaşıb. İstər BMT çətiri altında olan, istərsə də Avropa Birliyində olan dövlətlər qanunlarını beynəlxalq hüquqi çərçivə əsasında təkmilləşdirir. Burada ölkənin imkanları, resursları nəzərə alınır. Biz bir çox məsələlərdə həm beynəlxalq hüquq çərçivələrini, eyni zamanda bizə yaxın ölkələri əsas götürürük. Bizə ən yaxın ölkə xüsusiyyətlər və bir sıra parametrlərdə qardaş Türkiyədir. Ataların dediyi kimi, çay görməmiş çırmanmayaq. Ancaq təklif yaxşı təklifdir, insanların həyat tərzi, asudə vaxtı üçün olduqca yaxşıdır”.
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, Azərbaycanda əmək müqaviləsi ilə çalışanların böyük əksəriyyəti dövlət sektorunda fəaliyyət göstərdiyindən bunu ölkəmizdə reallaşması mümkün görünmür:“907 minə yaxın vətəndaş məhz büdcədən maaş alan sahələrdə çalışır. Bura müəllimlər, polislər, həkimlər, hərbi qulluqçular aiddir ki, onarın 4 günlük iş rejiminə keçməsi praktik olaraq mümkün deyil. Özəl sektora isə dövlətin hansısa müdaxiləsinə icazə yoxdur. Çünki özəl sektora belə bir təkliflə çıxış olsa, onlar hansısa əlavə dvidentlər istəyəcək. Yəni müəyyən vergi güzəştləri, hansısa müəyyən addımların atılmasını istəyəcək ki, onlara belə bir iş rejimi sərf etsin. Ona görə Azərbaycanda situasiya bir az fərqlidir. 1 milyon 650 minə yaxın muzdla çalışan var. Bunun 900 mindən bir az çoxu dövlət sektorundadır. Əhalinin 1 milyon 400 minə yaxını isə fermer kimi qeydiyyatdan keçib. Fermerə necə deyəsən 4 günlük iş rejiminə keç. Axı kənd təsərrüfatının öz alqoritmləri var. Bəzən əkin və biçin zamanı onlar sutkanın 16 saatını, həftənin 7 gününü işləməli olurlar”.
Ekspert 4 günlük iş rejiminin hansı halda reallaşa biləcəyinə də aydınlıq gətirib:
“Bu rejim özəl sektor inkişaf etdikdə, daha çox iş yerləri açıldıqda və dövlət tərəfindən müəyyən güzəştlər tətbiq edildiyində mümkün ola bilər. Azərbaycanda bu keçidin həyata keçirilməsi üçün institutsional problemlər var. Müəllimlərə desək ki, 4 gün işləyəcəksiz, onda məktəbdə şagirdlər necə olacaq? Bura həkimləri, polisləri də daxil etmək olar. Buna görə də, biz özəl sektoru inkişaf etdirməliyik. Dövlət və hökumət tərəfindən müəyyən güzəştlər edilməlidir. Vergi güzəştləri olmalıdır ki, gələcəkdə belə bir sistemə keçmək mümkün olsun”.