Vergi islahatları gələcəyə pəncərə açır
Yanvarın 1-dən ölkədə faktiki olaraq yeni Vergi Məcəlləsi qüvvəyə minib. Sual yarana bilər, nə üçün yeni? Ona görə ki, 221 maddədən ibarət Məcəlləyə 240-dan çox düzəliş və əlavələr edilib. Biz əsas dəyişikliklər barədə danışmağa çalışacağıq.
Heç şübhəsiz, hələ 2019-cu ilin büdcə layihəsinə görə, 2019-cu ilin vergi siyasətində əsas prioritet muzdlu işçilərin gəlirləri ilə bağlı islahatların gerçəkləşdirilməsi idi.
Bu islahata əsasən, qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlar dövlətdən güzəştlər alacaq, digər tərəfdən, kifayət qədər işçini “kölgədən” çıxarmaq üçün işçi və işəgötürəndən məcburi sosial sığorta üzrə tutulan haqlar arasındakı nisbət dəyişilib.
Məlum olduğu kimi, sıravi Azərbaycan vətəndaşı birbaşa olaraq yalnız bir növ vergi ödəyir: gəlir vergisi. Əhalinin böyük hissəsinin məhz bu vergi növündən azad edilməsi qərara alınıb.
Dəyişikliklərə əsasən, 1 yanvar 2019-cu ildən qeyri-neft və qeyri-dövlət sektorlarında çalışanlar (bu isə təxminən 600 min nəfər təşkil edir) yeddi il müddətinə gəlir vergisindən (14%) azad edilir. Dəyişiklik yalnız bu sektorlarda çalışan, aylıq məvacibləri səkkiz min manatdan çox olan şəxslərə şamil olunmur.
Razılaşın ki, bu, əhalinin yalnız kiçik təbəqəsidir. Beləcə, yalnız məcburi dövlət sosial sığorta və işsizlik sığortası haqlarının ödənilməsi lazım gələcək. Halbuki bu istiqamətlərdə də bir sıra dəyişikliklərin şahidi oluruq.
Bu dəyişikliklər işəgötürənlərin işçilərlə əmək müqaviləsi bağlamasını stimullaşdıracaq. Bu sistemi daha yaxşı anlamaq üçün 1 nömrəli cədvələ nəzər sala bilərsiniz.
Göstəricilər |
01.01.2019-a qədər |
01.01.2019-dan sonra |
İşçi |
||
01.12.2018-ci ilə olan orta əməkhaqqı |
540,00 |
540,00 |
Gəlir vergisinin məbləği |
51,38 |
- |
DSMF-yə ayırmalar |
16,20 |
40,00 |
İşsizlikdən sığorta üzrə ayırmalar |
2,70 |
2,70 |
“Xalis” gəlir |
469,72 |
497,30 |
İşəgötürən |
||
DSMF-yə ayırmalar |
118,80 |
95,00 |
İşsizlikdən sığorta üzrə ayırmalar |
2,70 |
2,70 |
İşçiyə görə ayırmaların CƏMİ |
121,50 |
97,70 |
1 yanvar 2019-cu ilə kimi orta statistik işçi 173 manatdan yuxarı olan məbləğə görə 14% vergi, 3% məcburi dövlət sosial sığorta haqqı, 0,5% işsizlikdən sığorta haqqı ödəyirdi, işəgötürənə gəlincə, 22% məcburi dövlət sosial sığorta haqqı və 0,5% işsizlikdən sığorta haqqı ödəyirdi.
Yanvarın 1-dən isə bu ayırmalar dəyişilib. İşçi artıq gəlir vergisi verməyəcək, DSMF haqqının ödənişi isə bu qaydada gerçəkləşdiriləcək: 200 manata qədər olan məbləğlər üçün köhnə sistemlə (yəni 6 manat) və 200 manatdan yuxarı olan məbləğlər üçün həmin məbləğin 10%-i tutulacaq.
İşəgötürən isə 200 manata qədər olan məbləğlər üçün köhnə qaydada, 200 manatdan yuxarı məbləğlər üçün isə həmin məbləğin 15%-ni ödəyəcək. Yuxarıda göstərilən cədvəldən də görmək olur ki, orta statistik işçinin xalis gəliri 469 manatdan 497 manata qalxacaq, işəgötürənin ödənişləri isə 121 manatdan 97 manata qədər azalacaq.
Çox vaxt məhz yüksək sosial ödənişlər ucbatından işəgötürənlər əmək müqaviləsi əvəzinə xidmətlərin göstərilməsi haqqında müqavilə bağlamağa və ya bəyan edilən rəsmi maaş məbləğini aşağı salmağa üstünlük verirdi. İndi isə onlara və işçilərə əmək müqavilələri bağlamaq daha məqsədəuyğun olacaq, çünki digər müqavilələrlə müqayisədə, əmək müqaviləsi bağladıqda daha çox qazanc əldə edəcəklər.
Digər tərəfdən, gələcəkdə əmək müqaviləsi qüvvəyə minmədən əməkdaşların bu və ya digər işlərə cəlb olunması kimi halların qarşısını almaq məqsədilə vergi sanksiyaları (və ya cərimələri) da artırılıb. İndi bir il ərzində qeydə alınan ilk belə hala görə 2000 manat (əvvəl istənilən halda 1000 manat idi), ikinci hala görə 4000 manat, üçüncü və növbəti hallara görə 6000 manat cərimə tutulacaq.
Bununla yanaşı, işəgötürən DSMF-yə ödənilməmiş haqları ödəməyə məcbur ediləcək. Ona görə işəgötürənin yeni işçini düzgün qaydada rəsmiləşdirməməsi onun öz ziyanına olacaq.
İndi isə işçinin əmək müqaviləsi üzrə işləməsinin faydaları haqqında danışaq. İşçi Xidmətlərin göstərilməsi haqqında müqavilə əsasında işləməyə davam etsə, o, artıq gəlir vergisi ödəyəcək, əvvəlki kimi, sadələşdirilmiş vergi yox. Çünki artıq Vergilər Nazirliyində uçotda olan iki sahibkar bir-birilə sadələşdirilmiş qaydada əmək münasibətləri qura bilməyəcək.
Sadələşdirilmiş vergi, elə adından da göründüyü kimi, bütün mənalarda sadə və bəsit idi; gəlirlərin 4%-ni təşkil edirdi. Ancaq gəlir vergisində artıq gəlirlərlə əməliyyat məsrəfləri arasında fərq əsasında gəlir tutulur və işçilər bunun hesabatını aparmalı olacaq.
Əlbəttə ki, “frilans”a alışmış digər şəxslərə də işləmək çətin olacaq (tərcüməçilər, dizaynerlər və s.). Ancaq onların vergidə qənaət etmək imkanı yaranacaq.
Hələ Vergi Məcəlləsinə dəyişikliklərin təqdimatı zamanı Vergilər Nazirliyinin əməkdaşı bildirdi ki, rəsmi vergi yükünün artmasına baxmayaraq, orta statistik sahibkar artıq dövriyyədən deyil, xalis gəlirdən vergi ödəyəcək (yəni gəlirlər və xərclər arasındakı nisbət əsasında ödəniləcək).
Belə ki, gəlir vergisinin uçotu zamanı vergi bu nisbət əsasında hesablanır.
Əgər əvvəllər tərcüməçilər və ya dizaynerlər gəlirlərinin müəyyən hissəsini onların işində lazım gələn proqramlara və ya avadanlıqlara xərcləsələr belə, eyni vergini ödəyirdilərsə, indi müqaviləni düzgün qaydada rəsmiləşdirəcəkləri təqdirdə (yəni xərclərin vergi uçotunu aparacaqları və qaimələr təqdim edəcəkləri təqdirdə), qənaət edə biləcəklər.
Bundan savayı, mikrosahibkarlar, sadə dillə desək, illik dövriyyəsi 200 min manatda aşağı olan sahibkarlara vergidən 75%-lik güzəşt imkanı veriləcək.
Ona görə “frilanser”lər də qüvvəyə minən dəyişikliklərin faydasını hiss edəcək. Tərcüməçilər sıravi işçilərlə işləməyə davam edəcəkləri təqdirdə, sadələşdirilmiş vergi onlar üçün daha faydalı olacaq - çünki indi sadələşdirilmiş vergi faizi 2%-ə endirilib.
Başqa bir neçə sahənin nümayəndələri, deyək ki, bərbərlər, dərzilər, ofisiantlar isə əldə etdikləri gəlir məbləğindən asılı olmayaraq, sabit aylıq vergi ödəmək imkanı əldə ediblər.
ƏDV ilə bağlı da maraqlı dəyişiklik olub. İndi hər bir vətəndaş hər hansı məhsulu və ya xidməti aldıqda ƏDV-nin 10%-ni (nağd aldıqda) və ya 15%-ni (nağdsız ödəniş zamanı) geri alacaq. Lakin qaydalar hələlik təsbit olunmayıb. Onun hazırlanması üçün Nazirlər Kabinetinə üç ay vaxt verilib.
Əvvəllər Vergilər Nazirliyi qəbz və ya çek verməyən satıcılara qarşı müntəzəm olaraq ölçülər götürürdü. Ancaq cərimələrin tətbiq olunmasına baxmayaraq, bu istiqamətdə vəziyyət hələ də ürəkaçan deyil, ciddi dəyişiklik baş verməyib.
İndi isə buna həm Vergilər Nazirliyi (onlayn kassalar tətbiq olunacaq, istənilən alış-veriş avtomatik olaraq nazirliyin məlumat bazasına daxil ediləcək və sanksiyalar qaldırılacaq), həm də alıcılar nəzarət edə biləcək.
Əvvəllər vətəndaşların az qismi marketlərdən çek alırdısa, indi onlar bunu kassanın başında duran şəxsdən tələb edəcəklər, belə ki, yalnız bu halda alınan məhsulların məbləğinin 1,5%-dən 3%-ə qədərini geri qaytara biləcək.
Bundan savayı, alıcılara nağdsız ödəniş aparmaq daha sərfəli olacaq. Çünki hər 100 manatlıq alış-verişdən 1 manatın geri qayıtmasını kim istəməz axı?!
Məcəllədə dəyişikliklərindən biri də mədəniyyət, idman, tibb və təhsil sahələrinin (ancaq bunun təfsilatlı izahı bir qədər sonra olacaq) maliyyələşdirilməsi ilə əlaqədardır. İndi hər hansı şirkət öz gəlirlərinin 10%-ə qədərini bu sahələrə yönəldəcəyi təqdirdə, 10 il müddətinə həmin məbləğ üzrə vergidən azad olunacaq.
Asan anlaşılsın deyə bunu misal gətirək. Deyək ki, hər hansı şirkət ilə 1 milyon manat gəlir götürür. Cari qanunvericiliyə görə, bu şirkət 200 min manat məbləğində gəlir vergisi verməlidirlər.
Ancaq şirkət təhsilin və ya tibbin maliyyələşməsinə 100 min manat ayırsa, artıq 1 milyon manatdan yox, 900 min manatdan vergi tutulacaq. Əvvəllər bu xərclər heç bir halda gəlir vergisində nəzərə alınmırdı. İndi isə nəzərə alınacaq və şirkətə 20 min manat qənaət etmək imkanı verəcək.
Bu isə ən azından iri şirkətlərin təhsil, səhiyyə (icbari tibbi sığorta sisteminə tədrici keçidlə əlaqədar bu istiqamətdə işləmək daha rahat olacaq), mədəniyyət və idman (əvvəllər başlıca olaraq dövlət vəsaiti ayrılırdısa, indi özəl strukturlar da idmana yatırımlar qoymaqda maraqlı olacaq) sahələrinə investisiya qoymasını stimullaşdıracaq.
Vergi islahatlarında ekoloji aspektlər də diqqətdən kənarda qalmayıb. Məcəllənin 116.1.41-ci maddəsinə əsasən, Azərbaycana idxal edilən elektromobillər əlavə dəyər vergisindən azad edilir, müvafiq avtobuslarla bağlı dəyişiklik isə 1 yanvar 2020-ci ildə qüvvəyə minəcək.
Digər tərəfdən, avtobuslar üçün ayrıca aksiz haqları müəyyən edilib ki, (əvvəllər ayrıca sərəncamlarla tənzimlənirdi, çünki aksiz haqqı yüksək idi) bu da öz növbəsində onların qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə və ölkədə ictimai nəqliyyatın inkişafına vasitəçilik edəcək.
Vergi Məcəlləsindəki dəyişikliklər “kölgə” sahibkarlarını düzgün qaydada vergi uçotu aparıb, vergiləri ödəmək məcburiyyətində qoyacaq, bu isə özəl sektorun müxtəlif ictimai layihələrə investisiya yatırımını stimullaşdırmağa imkan verəcək, özəl sektorda çalışan şəxslərin gəlirlərini artıracaq, dövlət büdcəsinin gəlirliliyini qaldıracaq.