Hadisə

Polis 1 milyon saxta rus rublunu satmaq istəyənləri saxladı

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda saxta xarici valyutanı dövriyyəyə buraxmaqla ölkənin maliyyə sisteminə təhlükə yaratmağa çalışan şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

Nazirlikdən "BI"yə verilən məlumata görə, Baş İdarəyə Şirvan və Həsən adlı şəxslərin paytaxt ərazisində külli miqdarda saxta rus rublunu satmaq istəməsi barədə məlumat daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxslər - Bakı şəhər sakini Həsən Ələkbərov və Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Şirvan Musayev 1.000.000 saxta rus rublunu 8000 manata satmaq istəyən zaman saxlanılıblar. Həmin şəxslərin yaşadıqları ünvanlara baxış keçirilən zaman əlavə olaraq digər maddi sübutlar aşkar edilərək götürülüb.

Ekspertizaya təqdim edilən 500-lük banknotlardan ibarət ümumilikdə 1.000.000 saxta rubl yoxlanılan zaman müəyyən edilib ki, həmin pulların həqiqi əsginaslardan fərqlənməməsi üçün müdafiə nişanları və eskizləri xüsusi üsulla hazırlanıb. Bu səbəbdən ilk baxışdan həmin pulların saxta olmasını müəyyən etmək mümkün deyil.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. H.Ələkbərov və Ş.Musayev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)