MALİYYƏ

Azərbaycan rəqəmsal manatın istifadəsinə - HAZIRDIRMI?

Ekspertlər deyirlər ki, rəqəmsal manatın ən böyük müsbət tərəfi pulun dövriyyəsinə nəzarət mexanizminin gücləndirilməsidir. Hara, nə qədər, kim tərəfindən ödənişlər olunur? Vergidən yayınmanın qarşısı alınır, kölgə iqtisadiyyatı aradan qaldırılır.

Milli valyutanın rəqəmsal formasının yaradılması təcrübəsi ilə bağlı dünyanın müxtəlif ölkələrindən xəbərlər alırıq. Çin, Türkiyə, Yaponiya və s. ölkələrin adı bu siyahıda var. Avropa Mərkəzi Bankının məlumatlarında bildirilir ki, yaxın 5 ildə Avropa öz rəqəmsal avrosunu yaratmaq niyyətindədir.

“Artıq rəqəmsal manatın yaradılması istiqamətində işlərə başlanılıb. Hökumətdə bu barədə danışıqlar gedir”, – bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən Beynəlxalq Bankçılıq Forumunda deyib. Rəqəmsal manatın yaradılması ilə bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) hələ aprel ayında məlumat vermişdi. Bildirilmişdi ki, rəqəmsal manat üçün infrastrukturun yaradılması istiqamətində işlərə başlanılıb.

“Kütləvi şəkildə icrası mümkün deyil”

ENA.az bildirir ki, iqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, beynəlxalq səviyyədə tətbiq edilən rəqəmsal innovativ həllərlə paralel Azərbaycanda da bu istiqamətdə işlər görülməlidir: “İstənilən innovativ həllərin tətbiqi müsbət haldır. Bəzi ölkələrdə rəsmən kriptovalyutaların tətbiq edildiyi dövrdə yaşayırıq. Buna görə də, milli valyutanın rəqəmsal formasının dövriyyəyə buraxılması zərurətdir. Çünki bunun özünün müxtəlif faydaları var. Hazırda bunun kütləvi şəkildə həyata keçirilməsi, təbii olaraq mümkün deyil, amma tədricən başlanılmalıdır. İllər üzrə strategiya hazırlanmalı, zamanla birinin həcmini azaltmaq, digər tərəfin həcminin artırılması ilə proses icra olunmalıdır”.

Maarifləndirmə, yenə də maarifləndirmə

E.Əmirov deyir ki, rəqəmsal manat dövriyyəyə buraxılarkən görülməli olan işlər var: “İnsanları psixoloji olaraq bu prosesə hazırlamaq, maarifləndirmə aparmaq lazımdır. Ölkəmizdə bank kartlarının sayı 10 milyonu keçib. O bank sahiblərinin əksəriyyəti marketlərin qarşısındakı bankomatdan pullarını çıxarırlar, sonra alış-veriş edib, ödənişləri nağd şəkildə həyata keçirirlər. Maaş, pensiya, digər ödənişlər köçən kimi kartdan çəkib evdə saxlayır. Ölkə əhalisinin böyük əksəriyyəti nağdsız ödənişlərə inanmır, bu və ya digər formada müəyyən etibarsızlıq nümayiş etdirirlər. Belə bir dönəmdə rəqəmsal manatın yaradılması müxtəlif prosedurları zəruri edir ki, onlardan birincisi maarifəndirmədir”.

İqtisadiyyatın “ağardılması”nda rolu

E.Əmirov bildirdi ki, rəqəmsal valyutanın çox böyük faydaları olacaq: “Nağdsız ödənişlərin təşviq edilməsi və insanların bu sahədə fəaliyyətinin artırılması istiqamətində dövlət bir sıra layihələr həyata keçirir. “ƏDV gerial” layihəsi də bu prinsiplə həyata keçirilir. Nağdsız ödənişlər dövlətə nəzarət imkanı verir. Rəqəmsal valyutanın tətbiqinin iqtisadiyyatın “ağardılması”nda, kölgə iqtisadiyyatının həcminin azaldılmasında müstəsna əhəmiyyəti olacaq. Rəqəmsal manatın dövriyyəyə buraxılmasının ən böyük müsbət tərəfi pulların dövriyyəsinə nəzarət mexanizminin gücləndirilməsidir. Hara, nə qədər, kim tərəfindən nə cür ödənişlər olunur? Vergidən yayınmanın qarşısı alınır, kölgə iqtisadiyyatı aradan qaldırılır. Rəqəmsal manat pula daha yaxşı nəzarət etmək üçün dövlətə gözəl üstünlük verir”.

“İdarə edən Mərkəzi Bank olmalıdır”

İqtisadçının sözlərinə görə, rəqəmsal manatın dövriyyəyə buraxılması Mərkəzi Bank tərəfindən həyata keçirilməlidir: “Çünki manatın dövriyyəyə buraxılması Mərkəzi Bank tərəfindən həyata keçirilibsə, rəqəmsal manat da eyni qurum tərəfindən icra edilməlidir. Pul kütləsinin idarə edilməsi, monetar siyasətin həyata keçirilməsi vahid mərkəzdən aparılmalıdır ki, prosesin sistemli şəkildə idarəsi, tənzimlənməsi, koordinasiyası daha rahat və fəsadsız ötüşsün”.

Digər bankların rolu nə olacaq?

Digər bankların rolunun necə olacağına gəlincə, E.Əmirov bunları söylədi: “Nağdsız ödənişləri formalaşdırmaqdan ötrü müxtəlif istiqamətlərdə tədbirlər görülür. Bu proseslərdə də ölkədə fəaliyyət göstərən banklar bu və ya digər formada iştirak edirlər. Digər bankların prosesə birbaşa müdaxiləsi və iştirakı mümkündür, amma bu məsələni mütləq şəkildə Mərkəzi Bank əlində saxlamalıdır ki, hər iki qəbildən olan valyutanı idarə edə bilsin. Bankların rolunun necə olacağına gəlincə, bu rol birbaşa Mərkəzi Bank, yaxud hökumət tərəfindən hansısa banka hər hansı rolların, öhdəliklərin, iştirakçılığın verilməsindən asılı olaraq formalaşa bilər”.

İtkilərlə üzləşməmək üçün…

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, hökumət uzunmüddətli dövrdə rəqəmsallaşmanı iqtisadi hədəf olaraq qarşıya qoyubsa, elektron manatın yaradılması ortamüddətli dövrün əsas məsələlərindən biri kimi qarşıya qoyula bilər: “Çünki dünya bu istiqamətdə gedir. Yəqin ki, 2035-2040-cı illərdə tədavüldə kifayət qədər rəqəmsal valyutalar olacaq. Azərbaycan bu prosesdən geri qalmaqla müəyyən itkilərlə üzləşə bilər. Ona görə, Azərbaycan da bu prosesin iştirakçısı olmalı, rəqəmsal manat yaradılmalıdır. İndiki halda rəqəmsal valyuta yaradılması ilə bağlı dünyada geniş təcrübələr yoxdur. Müəyyən araşdırmalar, təhlillər aparılır. Azərbaycanda da dünya təcrübəsi – yaradılan mexanizmlər, qanunvericilik çərçivəsi, nəzarət imkanları, təhlükəsizlik tədbirləri və s. dərindən təhlil olunmalıdır. Ona uyğun olaraq da digər istiqamətlərdə mövqe ortaya qoyulmalıdır”.

“Bu, bir çağırışdır”

R.Həsənov bildirdi ki, bu, eyni zamanda cəmiyyətin rəqəmsal bacarıqlarından asılı olaraq effekt verən mexanizmdir: “İndiki halda bunun üçün kifayət qədər əlverişli mühit var” desək, doğru olmaz. Çünki cəmiyyət Azərbaycanda kifayət qədər rəqəmsal bacarıqlara yiyələnməyib. 10 milyondan artıq kart var. Onun ən yaxşı halda 1-1,5 milyonu nağdsız əməliyyatlardan istifadə edir. 90 faizi kartdakı pulu nağdlaşdırıb istifadə edir. Ancaq bu o demək deyil ki, Azərbaycan bu prosesə başlamamalıdır. Bu, bir çağırışdır, bu çağırışa indiki halda adekvat mövqe ortaya qoyulmazsa, uzunmüddətli dövrdə prosesdən geridə qala bilərik”.(oxu.az)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)