Azərbaycandakı “İran bankı”nın builki vəziyyəti necədir? - HESABAT
Hazırda Azərbaycanda fəaliyyət göstərən xarici sərmayəli banklardan biri “Bank Melli İran”dır. Qeyd edək ki, bu bank Azərbaycanda açılan ilk xarici banklardan biridir və İrana olan sanksiyalarla bağlı Svift sistemində yoxdur, yəni ölkələrimiz arasında əməliyyatların aparılmasında iştirak edir.
Bankın 31 mart 2022-ci ilə olan hesabatına görə, cəmi aktivləri 3,05% artaraq 89 milyon 492 min manat olub. Başqa sözlə, ötən 3 ay ərzində cəmi aktivlərdə 2 milyon 651 min manat artım olub. Artım isə əsasən bankın nağd vəsaitlərinin həcminin yüksəlməsi ilə bağlıdır. Ötən üç ay ərzində nağd pul və digər banklardakı müxbir hesablardakı vəsait 7 milyon manat, yəni 12.8% artım göstərib və 62 milyon 351 min manata çatıb. Görünür, nağd vəsaitlərdən 4 milyon manatı qiymətli kağızlar hesabına artıb, çünki hesabat dövründə balansdakı qiymətli kağızlara investisiyalar 17 milyon manatdan 13 milyon manata düşüb, yəni 25.9% azalıb.
Bankın cəmi öhdəlikləri 4,63% artaraq 53 milyon manata çatıb. Bu artımdakı pay sahibi isə maliyyə institutlarından alınmış borclardır. Belə ki, bank ötən 3 ay ərzində maliyyə institutlarından əlavə 3.781.039 manat alıb və onların qarşısında öhdəlikləri 26 milyon 750 min manat olub.
“Bank Melli İran”ın Bakı filialının cəmi kapitalı bu ilin yanvar-mart aylarında 0.8% artaraq 35 milyon 688 min manat olub. Birinci rübün sonuna bankın bölüşdürülməmiş mənfəəti 37 milyon manat olub. Kapital dəyişmələri hesabatına görə, bankın nizamnamə kapitalı 73 milyon 611 min manat, yığılmış zərər isə 36 milyon manatdır.
2022-ci ilin birinci rübünün nəticələrinə görə, bank 268 min 800 manat mənfəət əldə edib. Bunun 913 min manatı faiz gəlirləri, 78 min manatı isə faiz xərcləridir. 834 min 893 manat xalis faiz gəliri əldə edən bank inzibati xərclərə 443 min manat xərcləyib. Aktivlər üzrə ehtiyatlara 106 min manat ayrılıb. Bank mənfəət vergisi ödəməyib.