Ehtiyatlar bazara çıxır, neft ucuzlaşır - SON QİYMƏT
Neft kotirovkaları, istehlakçı ölkələrin neftin bir hissəsini ehtiyatlardan çıxartması üçün gördüyü tədbirlər və Çində koronavirusun yayılması fonunda bazar ertəsi səhər ticarətdə ucuzlaşır.
Londonun ICE Futures birjasında saat 09:20-də Brent markalı neftin iyun fyuçersləri 2,28 dollar (2,22%) ucuzlaşıb - bir barel üçün 100,5 dollara düşüb.
Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin may fyuçerslərinin dəyəri bu vaxta qədər 2,27 dollar (2,31%) ucuzlaşaraq 95,99 dollar/barelə bərabər olub.
Cümə günü neftin qiymətinin qalxmasına baxmayaraq, kotirovkalar ötən həftəni enişlə başa vurub - Brent 1,5%, WTI - 1% ucuzlaşıb.
Neft bazarı Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatlara başlamasından bəri qeyri-sabitdir. İnvestorlar bəzi ölkələrin Rusiyanın enerji resurslarını idxal etməkdən imtina etməsi səbəbindən bazarda təklif çatışmazlığının formalaşmasından narahatdırlar.
Beynəlxalq Enerji Agentliyinin (BEA) üzvü olan ölkələr ABŞ-ın təmin etmək niyyətində olduğu 180 milyon bareldən əlavə, strateji ehtiyatlardan 60 milyon barel çıxarmağa razılaşıblar. Bunun ən azı qısa müddətdə Rusiyadan tədarükün azalmasını kompensasiya edəcəyi gözlənilir.
Commerzbank-ın analitiki Carsten Fritsch bildirib ki, ehtiyatlardan neftin satışı təklifdəki çətinlikləri xeyli yüngülləşdirəcək.
Bu arada Çin, yeni COVID-19 epidemiyası ilə mübarizə tədbirləri çərçivəsində ölkənin əsas sənaye mərkəzi olan Şanxayda karantin müddətini uzadıb. "Bu, ölkənin neft istehlakının təxminən 4%-ni təşkil edən 25 milyonluq Çinin böyük biznes mərkəzinin bağlanmağa məhkum edilməsi deməkdir", - Fritch əlavə edib.
Bu arada, cümə günü neft fyuçersləri Baker Hughes-un hesabatı ilə dəstəkləndi və bu hesabat ABŞ-da keçən həftə qazma qurğularının sayının əvvəlki həftə ilə müqayisədə 13 ədəd artaraq 546 ədədə çatdığını göstərdi.