Bankların əmanətlər üzrə xərcləri artıb: yanvar-fevral ayları üzrə cari vəziyyət
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 28 fevral 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin cəmi aktivləri 38 milyard 483,4 milyon manat təşkil edir. Qeyd edək ki, 31 dekabr 2021-ci il tarixinə Azərbaycanda bankların aktivləri 38 milyard 462,2 milyon manat təşkil etmişdi. Beləliklə, 2022-ci ilin yanvar-fevral aylarında bankların aktivləri 0,06% artıb.
Fevralın sonuna bankların kredit portfeli 17 milyard 126,5 milyon manat olub ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 2,8% artım deməkdir.
2022-ci ilin yanvar-fevral aylarında Azərbaycan banklarının biznes, ipoteka və istehlak kreditləri üzrə portfeli artıb. Bu dövrdə bankların biznes kreditləri üzrə portefli 2,4% - 9 milyard 972,9 milyon manatadək və ya bankların bütün kredit portfelinin 58,2%-i səviyyəsində artıb.
Hesabat dövründə bankların istehlak kreditləri üzrə portfeli 3,8% - 4 milyard 691,8 milyon manatadək artıb, xüsusi çəkisi 27,4% təşkil edib.
Yanvar-fevral aylarında bankların ipoteka kreditləri üzrə portfeli 2,5% - 2 milyard 461,8 milyon manatadək (bankların bütün kredit portfelinin 14,4%-i) artıb.
Azərbaycanda bankların ümumi kapitallaşması 1,9% artaraq 5 milyard 61,5 milyon manatdır. Bankların öhdəlikləri 0,2% azalaraq 33 milyard 421,9 milyon manat təşkil edir.
O cümlədən, bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 0,6% azalaraq 317,2 milyon manata düşüb. Banklardakı depozit portfeli 0,4% artıb və 27 milyard 55,5 milyon manat olub. Əhalinin əmanətləri 9,3% yüksələrək 9 milyard 869,7 milyon manat təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar-fevral aylarında bankların cəmi xalis mənfəəti 107,7 milyon manat təşkil edib, bu isə 2021-ci ilin fevral ayı ilə müqayisədə 47,3% artım deməkdir. Hesabat dövründə bankların faiz gəlirləri 21,5% artıb və 394,9 milyon manat, o cümlədən verilmiş kreditlər üzrə portfel 27,4% çoxalıb və 330,3 milyon manata çatıb. Bankların qeyri-faiz gəlirləri 37,4% artaraq 144 milyon manat olub. Bankların faiz xərcləri 11,7% artaraq 95,7 milyon manat, o cümlədən depozitlər üzrə xərclər 21,7% böyüyərək 66,3 milyon manat təşkil edib.
Bankların qeyri-faiz xərcləri 39,8% artıb və 272,7 milyon manat olub. 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanın bank sektorunun əməliyyat mənfəəti 161,8 milyon manata çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,1% çoxdur. Bütövlükdə, hesabat dövründə bankların vergidən əvvəlki məcmu mənfəəti 137,2 milyon manatdır, artım 53,6%-dir. Mənfəət vergisi ödənişləri 29,5 milyon manat səviyyəsindədir.
28 fevral 2022-ci il tarixinə Azərbaycanda 26 bank, o cümlədən 12 xarici kapitallı bank fəaliyyət göstərir. Ümumilikdə bankların 481 filialı (2021-ci ilin sonuna nisbətən 0,4% artım) və 97 şöbəsi var. Azərbaycanın bank sektorunda 20 834 min nəfər çalışır.