Bakıda 1000-ə yaxın reklam lövhəsi dəyişdiriləcək
Azərbaycan Dövlət Reklam Agentliyi Bakıda yeni reklam konstruksiyaları quraşdırıb.
Agentlikdən "BI"yə verilən məlumata görə, reklam sahəsinə aid beynəlxalq sərgilərdə iştirak edən ADRA əməkdaşlarının rəyi əsasında ölkəyə xaricdən idxal olunan innovativ texnologiyalı, görünüşcə daha cəlbedici daşıyıcılar artıq paytaxtın mərkəzi küçə və prospektlərində, o cümlədən Neftçilər, Heydər Əliyev prospektləri, Yusif Səfərov, Zərifə Əliyeva və şəhərin digər küçələrində quraşdırılıb.
Bildirilib ki, istifadəyə yararsız reklam qurğuları isə yeniləri ilə əvəzlənib. Quraşdırılan 30 ədəd yeni nəsil reklam daşıyıcısı Bakının görkəmini gözəlləşdirməklə yanaşı, reklam ekosisteminin inkişafına da təkan verəcək. Bu reklam qurğuları sifariş olunarkən paytaxtın, eləcə də bölgələrin iqlimi nəzərə alınıb. Belə ki, yeni reklam konstruksiyaları küləkli havaya dözümlü olmaqla yanaşı, onların led ekranları və şüşələri də istənilən iqlim şəraitinə davamlıdır.
Agentlikdən qeyd olunub ki, aparılan araşdırmaların nəticəsi olaraq, Bakıda ilkin mərhələdə 1000-ə yaxın reklam daşıyıcısının yenilənməsi nəzərdə tutulur. Bu il ərzində daha 240 ədəd yeni reklam qurğusunun quraşdırılması gözlənilir. Daha sonra bu proses mərhələli şəkildə davam etdiriləcək, paytaxtla yanaşı ölkənin bütün regionları da müasir standartlara cavab verən reklam qurğuları ilə təchiz olunacaq.
Azərbaycanın əksər ərazilərində yerləşdiriləcək yeni konstruksiyalar açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar üçün daha cəlbedici olacaq və bu sahədə çalışan operatorlar arasında azad rəqabəti artıracaq.