Birja

Stablecoinlərin ənənəvi pullardan fərqi nədir?

Son bir neçə onillikdə rəqəmsallaşmanın və məlumat bazasının maliyyə sahəsinə ötürülməsi üzrə qlobal tendensiyalar maliyyə və texnologiyanı birgə inkişaf etdirmişdir. 2010-cu illər sürətlə inkişaf edən texnologiyalardan, xüsusən də informasiya və kommunikasiya texnologiyalarından qaynaqlanan maliyyə sahəsində rəqəmsal innovasiyalar üzrə əhəmiyyətli dəyişikliklər baş verdi. Bu yeniliklər təkcə öz təsirini ödənişlər, kredit, investisiya və sığorta kimi maliyyə xidmətlərinə deyil, həmçinin də maliyyə sisteminin əsası olan pulun özünə təsir göstərdi (BIS, 2018; 2020).

Eyni sahədə “yaşayan, ancaq fərqli kripto pullar

Covid-19 böhranı rəqəmsal ödənişlərə keçidi sürətləndirdi. O, nağd pul vasitəsilə virusun ötürülməsi ilə bağlı ictimai narahatlığı artırdı və rəqəmsal ödənişlərin istifadəsində artıma səbəb oldu. Mərkəzi banklar və tənzimləyicilər üçün bu çağırışlar onların maliyyə və pul sabitliyinə nail olmaqda xüsusi əhəmiyyət kəsb edir. Bu gün dünyanın hər yerində səlahiyyətli orqanlar həm inkişaf etməkdə olan texnologiyalara, xüsusən də paylanmış mühasibatlıq texnologiyasının (DLT) və blokçeynin müxtəlif kombinasiyalarına əsaslanan rəqəmsal valyutaların və qeyri-mərkəzləşdirilmiş maliyyənin yüksəlişi və maliyyəni dəstəkləyən ənənəvi mərkəzləşdirilmiş sistemlərdəki irəliləyişlərlə mübarizə aparır. Bir çoxları pul və ödəniş sistemlərində texnoloji inqilabın baş verdiyini iddia edirlər (Arner et al., 2020).

Mövcud siyasət müzakirələrində stablecoin müəyyən bir aktivə və ya aktivlər hovuzuna və ya səbətinə (FSB, 2020) nisbətən sabit dəyəri saxlamaq məqsədi daşıyan kriptovalyuta kimi müəyyən edilə bilər. Stablecoinlər bitcoin və digər kriptovalyutalarla eyni sahədə “yaşayır”, çünki onlar elektrondur, həmyaşıdlar arasında mübadilə edilə bilər və mərkəzi banklar tərəfindən buraxılmır. Stabilkoinlər token əsaslıdır; onların etibarlılığı hesaba əsaslanan ödənişlərdə olduğu kimi, qarşı tərəfin kimliyinə deyil, işarənin özünə əsaslanaraq yoxlanılır (bax, Kahn, 2016).

Stablecoinlər nədir?

Hazırda dünyada müxtəlif virtual valyuta növləri mövcuddur. Bunlardan biri də stablecoinlərdir. Stablecoinlərin xüsusiyyətinə nəzər salmadan öncə ümumiyyətlə virtual valyutanın mahiyyətinə baxaq. Virtual valyutalar iki növ sxemlə mövcuddur: mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş. Mərkəzləşdirilmiş valyuta sxemləri mərkəzləşdirilməmiş valyutalardan daha əvvəl yaranmışdır. Mərkəzləşdirilmiş valyutaların mərkəzi bir depozitarı vardır və adətən vahid bir təşkilat tərəfindən idarə edilir və nəzarət olunur. Mərkəzləşdirilməmiş valyutaların isə vahid bir depozitar mərkəzi yoxdur və qeyri-mərkəzləşdirilmiş qaydada emissiya edilir və fəaliyyət göstərir. Mərkəzləşdirilmiş virtual valyutalar yeni virtual pul vahidlərinin yaradılması, əməliyyatların yoxlanılması və hesabların mühasibatlığının yeniləməsi üçün üçüncü tərəfə etibar edir. Mərkəzləşdirilməmiş sistemlər dedikdə mərkəzi idarəetmə qurumunun (məsələn, Mərkəzi Bank) olmadığı və virtual valyutaların vahid mərkəzdən emissiya edilmədiyi sistemlər nəzərdə tutulur.

Mərkəzləşdirilməmiş virtual valyutalar blokçeyn (blockchain) və ya paylanmış mühasibatlıq texnologiyası (distributed ledger technology - DLT) əsasında fəaliyyət göstərir. Blokçeyn texnologiyası ödəniş sistemləri, klirinq və hesablaşmalarda, xüsusilə e-Hökumət sistemlərində prosedur və protokollardan istifadə etməklə əməliyyatlar aparmaq imkanı verən innovativ platformadır. DLT arxitektura baxımından mərkəzləşdirilməmiş və əməliyyatların həyata keçirilməsi məqsədi ilə onların verifikasiyası və avtorizasiyası üçün vasitəçilərin iştirakına zərurət olmayan şəbəkə mühitidir. Bütün ödəniş tranzaksiyaları kripto-müdafiə olunaraq DLT şəbəkəsinə daxil olur və benefisiar ilə emitent arasında vasitəçi olmadan birbaşa (Peer-to-Peer) əlaqə yaradılır.

Stablecoinlər, hər hansı bir ölkənin milli valyutası və ya qızıl kimi aktivlərlə dəstəklənən və digər kriptovalyutalardan daha çox sabitlik təmin etmək üçün qurulmuş bir kriptovalyuta növüdür. Stablecoinlərin bir neçə növü mövcuddur:

  1. Hər hansı bir ölkənin milli valyutası ilə dəstəklənən stablecoin;
  2. Kripto aktivlərlə dəstəklənən stablecoin;
  3. Qiymətli metallarla dəstəklənən stablecoin;
  4. Alqoritmik stablecoin.

Milli valyuta ilə dəstəklənən stablecoinlər ən çox yayılmış növüdür. Dəyərində kəskin dəyişimlər olan digər kriptovalyutalardan fərqli olaraq, milli valyuta dəstəkli stablecoinlər çox kiçik qiymət kənarlaşmalarına məruz qalır. Ancaq bu, o demək deyil ki, bu növ stablecoinlər tamamilə təhlükəsizdir, onlar bazarda nisbətən yenidir və riskləri barədə kifayət qədər məlumat olmadığı üçün investisiya edərkən ehtiyatlı olmaq lazımdır.

Kripto aktivlərlə dəstəklənən stablecoinlərdə volatillik yüksək olur. Məsələn, 1 ABŞ dolları dəyəri olan kripto aktivlə dəstəklənən stablecoin 2 ABŞ dolları dəyəri olan kripto aktivlə dəstəklənə bilər. Beləliklə, əgər dəstək verən kripto aktiv dəyər itirdikdə 1 ABŞ dollarlıq əlavə dəyər yastıq rolu oynayaraq stablecoinin dəyərinə təsiri dayandırır.

Qiymətli metallarla dəstəklənən stablecoinlər əsasən qızıl və digər dəyərli metallara söykənərək öz dəyərini qoruyur. Bu stablecoinlər mərkəzləşdirilmiş formada olur və bəzi kripto istifadəçilər bunu çatışmazlıq kimi qəbul edə bilərlər, lakin bu xüsusiyyət onları kripto bazardakı volatillikdən qoruyur.

Alqoritmik stablecoinlər heç bir aktivlə dəstəklənmir və bu da onun stablecoin kimi qəbul edilməsini çətinləşdirir. Bu növ stablecoinlər öz dəyərini qiymət dəyişikliyindən kompüter alqoritmi istifadə etməklə qoruyur. Bir alqoritmik stablecoinin qiyməti 1 ABŞ dollarına bağlanarsa, lakin stablecoinin dəyəri daha da yüksələrsə, alqoritm qiyməti aşağı salmaq üçün avtomatik olaraq dövriyyəyə daha çox coin buraxır. Qiymət 1 ABŞ dollarından aşağı düşdüyü halda alqoritm təklifi azaldaraq qiyməti əvvəlki səviyyəyə gətirir. 

Stablecoinlərin ənənəvi pullardan fərqi nədir?

Kriptovalyutalar və adi valyutalar iki əsas xüsusiyyətə malikdir: onlar iki tərəf arasında maneəsiz ödənişləri təmin edir və dəyər ifadəsi kimi çıxış edirlər. Ənənəvi valyutalar ilə hər şey aydın görünür. Ənənəvi pulu nağd pul şəklində xərcləyə və ya debet və ya kredit kartına yükləyə bilərsiniz. Adi valyutalar birbaşa alışlar, pul köçürmələri, fakturaların və ya vergilərin ödənilməsi və s. üçün istifadə edilə bilər. Mövcud ənənəvi pulların əksəriyyəti yalnız ölkədaxili ödənişlər üçün tətbiq olunur. Xaricdə xərcləyərkən onları başqa valyutalara çevirmək lazımdır. Həmin əməliyyatlarda adətən mübadilə haqqı tətbiq edilir. Mübadilə üçün komissiya birbaşa göstərilməsə də, həmişə məzənnə marjası var bu da bankların və valyuta mübadiləsi xidmətlərinin ticarət etdiyi məzənnə ilə istehlakçılara təklif olunan məzənnə arasındakı fərqdir.

Kriptovalyutalara gəldikdə isə onlar ənənəvi pul sisteminin hazırda təklif edə bilmədiyi xüsusiyyətləri də təklif edirlər: kriptovalyutaları hər kəs, istənilən yerdə, istənilən vaxt dünyanın istənilən yerində və bir banka və ya hökumətə ehtiyac olmadan xərcləyə və qəbul edə bilər. Bu kriptovalyutaların ən inqilabi cəhətidir. Stablecoinlər ənənəvi satış nöqtələrində gündəlik alış-veriş üçün də istifadə edilə bilər. Çox valyutalı pul kisələri ilə kriptonu tez bir zamanda ənənəvi pula çevirə bilərsiniz. Məsələn, ən məşhur multi-aktiv kripto pul kisələrindən biri olan Trust Wallet sizə stablekoinlərinizi ənənəvi pula çevirərək və nağdlaşdıraraq xərcləmək imkanı verir. 2019-cu ildə BitPay pul kisəsi proqramı bütün dünyada ticarətçilər və istehlakçılar üçün stabilcoin ödənişlərinin tətbiqini elan etdi. Kanadadakı Instacoin kimi bəzi kripto bankomatları seçilmiş yerlərdə də ən populyar stablecoinlərin nağdlaşdırılmasını dəstəkləyir. Digər tərəfdən stablecoinlər hər yerdə qəbul edilmir. Onlardan istifadənin mümkünlüyü milli siyasət və qaydalardan asılıdır. Bəzi ölkələr kriptovalyutanı tamamilə qadağan edir, digərləri isə onun istifadəsini davamlı olaraq təbliğ edir.

Gündəlik alış-veriş üçün istifadədən başqa stablecoinlərlə kripto birjalarında ticarət də edə bilərsiniz. Bəzi birjalar stablecoinlərinizi borc verməyə və faiz qazanmağa imkan verir. Həm sabit, həm də çevik kreditləşdirmə modelləri, həmçinin şəxsdən şəxsə (P2P) kripto kredit bazarları mövcuddur. Stablecoinlər hazırda əksər birjalarda 5% ilə 25% arasında ən yüksək faiz dərəcələrini təklif edir. Qiyməti sabit aktivlər üzrə gəlir əldə etmək imkanları çoxdur və onlar DeFi (Decentralized finance- vasitəçilərsiz maliyyə əməliyyatlarını aparmağa imkan verən maliyyə sistemi) bazarı böyüməyə davam etdikcə genişlənəcək.

Stablecoinlə mərkəzi bank rəqəmsal valyutası (CBDC) arasındakı fərq nədir?

Mərkəzi bank rəqəmsal valyutası (CBDC) hər hansı bir ölkənin rəsmi valyutasının rəqəmsal formada olan ifadəsidir. CBDC monetar və fiskal siyasətin həyata keçirilməsini asanlaşdırır və iqtisadiyyatda maliyyə inkluzivliyini təşviq edir. CBDC-ni stablecoindən fərqləndirən əsas cəhət CBDC-nin ölkənin monetar siyasətini həyata keçirən orqan və ya mərkəzi bank tərəfindən emissiya edilməsi stablecoinin isə özəl təşkilat tərəfindən emissiya edilməsidir.   

Potensial rəqəmsal avro və rəqəmsal yuan kimi mərkəzi bank tərəfindən dəstəklənən rəqəmsal valyutalar yaxın illərdə reallığa çevrilə bilər. Bitcoin və Ethereum kimi kriptovalyutalardan fərqli olaraq, bu valyutalar daha az volatillik və daha çox təhlükəsizlik vəd edir. Bundan əlavə, onlar maliyyə sabitliyinin təmin edilməsinə cavabdeh olan müvafiq pul institutlarının dəstəyinə sahib olacaqlar.

 

Müəlliflər

Xəyaləddin Tağıyev 

Ödəniş sistemləri üzrə ekspertlər iqtisad üzrə fəlsəfə doktoru Xəyaləddin Tağıyev və Ülfət Yusifov

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)