Sosial iqtisadiyyat

Baş nazir sərəncam imzaladı

Vətən müharibəsində iştiraka görə təltif olunacaq şəxslərin siyahısı 15 gün müddətində hökumətə təqdim ediləcək.

ENA.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Prezidentinin 2022-ci il 10 fevral tarixli 3144 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb.

Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 3088 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən “Müharibə veteranı” adının verilməsi ilə əlaqədar Nazirliyin Mərkəzi elektron informasiya sisteminə adları daxil edilmiş şəxslərin siyahısını on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan, 2020-ci il 27 sentyabr tarixinədək “Müharibə veteranı” adı almış şəxslərin siyahısını təsdiqedici sənədlərlə (müharibə veteranı vəsiqələrinin surəti, hərbi biletlərin surəti, ezamiyyət vəsiqələrinin surəti, əmrlərdən çıxarışlar, şəxsiyyət vəsiqələrinin surəti və s.) birlikdə, həmin şəxslərin yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış (hər bir şəxsə münasibətdə ayrı-ayrılıqda) əlavə edilməklə on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Sərəncamın nəzərdə tutulmuş dövlət orqanları istisna olmaqla digər mərkəzi, habelə yerli icra hakimiyyəti orqanları, eləcə də Azərbaycan Prezidentinin yaratdığı publik hüquqi şəxslər və dövlətə məxsus digər hüquqi şəxslər Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin onuncu abzasında göstərilmiş ərazilərdə ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlarının və mülki işçilərinin siyahısını təsdiqedici sənədlərlə (hərbi biletlərin surəti, ezamiyyət vəsiqələrinin surəti, əmrlərdən çıxarışlar, şəxsiyyət vəsiqələrinin surəti və s.) birlikdə, həmin şəxslərin ön cəbhədə yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış (hər bir şəxsə münasibətdə ayrı-ayrılıqda) əlavə edilməklə on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinə həvalə edilib və imzalandığı gündən qüvvəyə minir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)