Bank

​​​​​​​SWIFT nədir?

ABŞ hökuməti Ukraynada hərbi əməliyyatlara başlayan Rusiyaya qarşı sanksiyaların tətbiqi kimi onları beynəlxalq banklararası sistemi olan SWIFT-dən ayırmağı ciddi şəkildə nəzərdən keçirir.

Eləcə də bax: Rusiyaya qarşı sanksiyaların Azərbaycana təsiri ola bilərmi?

SWIFT nədir?

SWIFT pulun bir yerdən digərinə sərhədsiz göndərilməsinə imkan verən beynəlxalq maliyyə strukturunun adıdır. (Society for Worldwide Interbank Financial Telecommunication -  yəni, Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyası).

1973-cü ildə yaradılan və baş ofisi Brüsseldə yerləşən SWIFT sistemində dünyanın 200 ölkəsindən ümumilikdə 11 min maliyyə institutu və bank üzvdür.

2012-ci ildə sanksiya tədbiri olaraq SWIFT-dən ayrılma ilə bağlı ilk hadisə baş verib. Onda ABŞ Senatının Bank Komitəsi İranın nüvə proqramına xidmət etməkdə şübhəli bilinən bütün bankları sanksiya ilə hədələmişdi. Nəticədə İran Kuba, Ekvador, Boliviya, Venesuela və Nikaraquanın qoşulduğu SUCRE ödəniş sisteminə keçdi.

2016-cı ildə nüvə proqramının həlli ilə bağlı razılığa gəldikdən sonra İran yenidən SWIFT-ə qoşuldu.

Lakin artıq 2018-ci ilin payızında İslam Respublikası yenidən beynəlxalq ödəniş sistemindən istifadə etmək imkanını itirdi. Hazırda İrandakı insanlara və ya şirkətlərə pul yalnız dolayı yollarla – BƏƏ, Türkiyə, İraq, Tayvan və xaricdə fəaliyyət göstərən İran bankları vasitəsilə köçürülə bilər.

2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən və Ukraynadakı daxili siyasi vəziyyətin ağırlaşmasından sonra Qərb ölkələri təzyiq aləti kimi Rusiyanı SWIFT-dən ayırmaqla hədələməyə başladı. Lakin bu cür çağırışların çox olmasına baxmayaraq, təşkilatın nümayəndələri Rusiyanı sistemdən ayırmaq niyyətində olmadıqlarını bəyan etdilər.

Rusiyanın SWIFT-dən ayrılma ehtimalı ilə bağlı müzakirələr 2021-ci ilin yazında, Avropa Parlamenti bunu tələb edən qərar qəbul etdikdən sonra yenidən başladı.

Alternativ olaraq Rusiya SWIFT formatında məlumat ötürə bilən, lakin texnoloji baxımdan daha geridə qalan Maliyyə Mesajlaşma Sistemini (SPFS) inkişaf etdirdi. 2017-ci ildə SPFS tam həcmdə fəaliyyət göstərməyə başladı. İndiyədək bu sistemə 400-dən çox bank qoşulub.

SWIFT-in analoqu həm də ÇXR (CIPS, yalnız yuanla əməliyyatlar üçün nəzərdə tutulub) və Avropa Birliyində var (INSTEX, hələ ki yalnız Avropa ölkələrinin İranla maliyyə əməliyyatları üçün istifadə olunur).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department