Sağlamlıq

Dövlət Agentliyi: "Həkimlərə bonusların hesablanmasında bəzi çətinliklər yaranıb"

"Mövcud səhiyyə sisteminin bazası üzərində mövcud personal ilə sistemi qurmağa çalışırıq".

ENA.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji Təhlil mərkəzinin rəhbəri Araz Nəsirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, nəzarət sistemləri qurulub və bu sistem tədricən öz nəticəsini verəcək: "Bununla da neqativ hallar aradan qalxacaq. Həyata keçirilən tədbirlər nəticəsində cəzalandırdığımız və işdən çıxarılan həkimlər var. Hazırda yeni sistemin oturmasına ehtiyac var. Yeni sistem performans əsaslı olduğu üçün hər ayın sonunda göstərilmiş xidmətlər yoxlanılır. Bunun nəticəsində həkimlər əmək haqqı və bonus alır. Bu sistemin oturması bir az zaman alır. Bonusların hesablanmasında bəzi çətinliklər baş verib, rayonlarda qeyri- tibbi personalın işində çətinliklər yaşandığını gördük. Buna görə bəzi avtomatlaşdırma işləri həyata keçirilib. Xidmətlərin yoxlanılması daha sürətli həyata keçirilir. Dərman təchizatı ilə bağlı daha böyük işlər görülür".

O vurğulayıb ki, yaxın zamanda xəstəxanaların maddi-texniki bazası ilə bağlı böyük işlər görüləcək: "Dərman təchizatı yaxşılacaq. Düşünürəm ki, neqativ hallar ortadan qalxacaq. Neqativ halların sıfırlanması zaman istəyir. Vətəndaşlar neqativ hallarla qarşılaşdıqda agentliyin və TƏBİB- in qaynar xətlərinə məlumat versinlər".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department