Bank

Azərbaycan Beynəlxalq Bankı son rübdə nağd pulunu 2 dəfə artırıb - HESABAT

2021-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin hesabatında diqqətçəkən ən mühüm rəqəmlərdən biri nağd vəsaitlərin həcminin 67% artaraq 6 milyard 411 min manat olmasıdır. Bu o deməkdir ki, bankın ümumi aktivlərinin 56%-i nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait kimi saxlanılır. Maraqlı tərəfi odur ki, nağd vəsaitin 3 milyard 500 milyon manatı məhz 4-cü rübdə - oktyabr-dekabr aylarında artıb.

Bank pul vəsaitlərinin hərəkətini açıqlamadığından bu artımın mənbəyini müəyyən etmək də mümkün deyil.

Balans hesabatına görə, ABB-nin aktivləri 28,1% artaraq 11 milyard 483,857 milyon manata çatıb. Ümumi aktivlərin cəmi 27%-ni əhatə edən kredit portfeli isə ötən bir ildə 18,8% böyüyərək 3 milyard 99,447 milyon manat təşkil edib. Bir ildə istehlak kreditlərinin həcmi 29,8% yüksəlib və 778,614 milyon manat olub. Biznes kreditləri isə 19,9% artımla 1 milyard 587,248 milyon manatdır. Daşınmaz əmlak krediti üzrə 7% artım portfelin həcmini 733,585 milyon manata çatdırıb. Bank bir il ərzində digər banklardakı depozitlərini sürətlə geri çəkib və 2 milyard 485 milyon manat depozitdən 2 milyard 13 milyon manatını geri çəkib. Nəticədə digər maliyyə qurumlarındakı depoiztləri 4.2 dəfə kiçilib.

Bankın öhdəlikləri 31,6% artaraq 10 milyard 46,112 milyon manata bərabərdir. Dekabrın 31-nə ABB-nin depozitlərinin həcmi 48,9% artaraq 8 milyard 261,666 milyon manata çatıb. Artım daha çox hüquqi şəxslərin hesablarında qeydə alınıb. Əhalinin əmanətləri isə 0,6% azalaraq 1 milyard 282,975 milyon manat təşkil edib.

Bankın kapitalı 8,4% artaraq 1 milyard 437,745 milyon manat təşkil edib, nizamnamə kapitalı 1 milyard 225,648 milyon manata bərabərdir.

ABB 2021-ci ili 208 milyon 779,64 min manat məbləğində xalis mənfəətlə başa vurub, bu 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 61,4% artım deməkdir.

“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 95,59% təşkil edir. Bütövlükdə, kapitalda 99,66% pay dövlətə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)