Günə 8 qəpik ödə, sığortalı evdə otur: Eviniz, obyektiniz, malınız necə sığorta olunmalıdır? - HESABLAMA QAYDASI
Müqayisədən başlayaq, mobil telefon alan kimi onun üzünə mütləq qoruyucu üzlük taxırıq, niyə? Cavabı çox sadədir - birdən əlimizdən düşər, sınar, 300 manatlıq ekranı cəmi 5-10 manatlıq üzlük ilə niyə qorumayaq?! Elə isə Bakıda minimum 40-50 mindən başlayan evin sığortası üçün il ərzində 50 manat niyə ödəməyək ki, yeri gəlsə bu aya cəmi 4 manat 16 qəpik edir, əvəzində bir hadisə olsa 25 min manat sığorta haqqı ala bilərik. Hələ onu da nəzərə alın ki, qiymət ərazilər üzrə dəyişir. Məsələn, Bakının bir addımlığında olan Xırdalanda illik sığorta haqqı 30 manatdır. İstənilən halda, sığorta üçün ödədiyiniz pul əksərən sığorta məbləğinin 0,2%-ni ötmür.
Bu yazımızda daşınmaz əmlak sığortası niyə lazımdır, bizə nə verir, buna cavab tapmağa çalışacağıq. Etiraf edim ki, mövzu çox əhatəlidir, ancaq oxucularımız üçün faydalı ola biləcək hissələri verəcəyik ki, istifadə edə biləsiniz.
Beləliklə, daşınmaz əmlak sığortası barədə ilk geniş hay-küy rayonlarda, evləri su basanda yarandı. Məlum oldu ki, normal halda həmin evlərin pulunu sığorta şirkəti ödəməlidir, ancaq bizdə evlər sığortalı deyil, ona görə də icra hakimiyyəti uzun-uzadı iş apardı, siyahı tutdu, necə, hansı şərtlərlə qiymətləndirildi bilmirik, nəticədə dövlət büdcəsindən pul ayrıldı. Sonra iri ticarət mərkəzləri bir-bir yanmağa başlayanda yenidən gündəmə gəldi ki, bu sığorta şirkətləri hanı, niyə prezident ehtiyat fondundan ticarətçiyə pul ödəməlidir?
“Gündə 14 qəpik ödə, sığortalı evdə otur”
Odur ki, biz də yazımızı evlərdən başlayıb, obyektlərə qədər - niyə sığorta etmirik sualının səbəblərini araşdıracağıq. Bugün sığorta sistemində həllini gözləyən məsələlər çoxdur, missiyamızın ən vacib hissəsindən biri də oxucularımıza faydalı məlumat verməkdir. Ondan başlayaq ki, Əmlak sığortası hansı təminatları verir?
Qanun deyir ki, daşınmaz əmlakın icbari sığortası yanğın və ya digər hadisələr nəticəsində zədələnmə, məhv olma, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzini ödəyir. Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir, yəni məcburidir.
Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, eləcə də istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, bütün növ xarici, yaxud daxili mala, suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Başqa sözlə, evə və evin içində nə varsa onun itkisini ödəyir.
İndi gəlin baxaq, əmlakın sığortası nə qədər sərfəlidir?
Məsələn, Bakıda yaşayış evinin illik sığorta haqqı 50 manatdır. Ödənilən sığorta məbləği isə maksimum 25 min manat təşkil edir. Tutaq ki, sığorta hadisəsi baş verib, evə 1000 manatlıq zərər dəyib. Bu 1000 manatın 750 manatını sığorta şirkəti, 250 manatını isə sığorta etdirən ödəyir. Və ya 25 min manat zərər hesablanıbsa sığorta ödənişi bu cədvəldəki kimidir:
|
|
İllik sığorta haqqı | Ödənilən sığorta | |||
25.000 manat | 250 manat |
|
25 000–250=24 min 750 manat |
Deməli, bu halda Bakıda sığorta hadisəsi zamanı zərərçəkən şəxs sığorta şirkətindən 24 min 750 manat pul alacaq. Məlumat üçün deyim ki, Gəncə, Naxçıvan və Sumqayıtda sığorta ödənişi məbləği 20 min manat, digər yaşayış məntəqələrində 15 min manatdır.
İndi gəlin, başqa bir hesablama aparaq:
25.000.000 : 50 = 500 il
Yəni, sığorta etdirdiyiniz yaşayış evidirsə, sığorta hadisəsi nəticəsində ala biləcəyiniz 25 min manatı siz yalnız 500 il ərzində geri ödəsəniz sığorta şirkətinin “borcunu” bağlaya bilərsiniz”. Halbuki, bu vəsait sizə qarşılaşdığınız zərərin təminatı olaraq birdəfəlik verilir və siz geriyə heç bir ödəniş etmirsiniz.
Rəsmi rəqəmlərə baxaq, 2021-ci il, noyabrın sonuna olan məlumata görə, daşınmaz əmlakın icbari sığortasından 56 milyon manat (ötən ilin noyabrında 38 milyon manat), könüllü sığortasından isə 49 milyon manat sığorta haqqı (ötən ilin noyabrında 50 milyon manat olub) yığılıb. Yerigəlmişkən, evlərin icbari sığortası ilə yanaşı könüllü sığortası da var. Yəni, 100 min manatlıq evini elə 100 min manatlıq həcmdə də tam sığortalamaq istəyənlər könüllü sığortadan istifadə edə bilərlər.
56 milyon manatı orta hesabla 40 manata bölsək, belə çıxır ki, 1 milyon 400 min mənzil sığortalıdır. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, ölkəmizdə 4 milyondan çox mənzilin rəsmi qeydiyyatı var, 1 milyona qədər ev isə qeydiyyatsızdır. Yəni sığortadan kənarda qalan evlərin həcmi kifayət qədər çoxdur.
"Azsığorta" ASC-nin İdarə Heyəti sədrinin müavini Elbrus Fərzəliyev: Təəssüflə bildirməliyəm ki, fərdi yaşayış və mənzillərin çox az bir qismi sığortalanır. Daşınmaz əmlakın icbari sığorta haqqı Bakıda illik 50 AZN təşkil edir. Bir günə bu 14 qəpik deməkdir. Bu xərci özünə yük bilən mənzil sahibi varmı? Amma xoşagəlməz hadisə baş verəndə insanlar bu 50 AZN ilə müqayisə olunmaz dərəcədə çox itkilərlə üzləşirlər. Burada əhalinin Sovet dövründən qalan bir vərdişini qeyd etmək yerinə düşər. Xoşagəlməz hadisə nəticəsində insanların mənzilləri yararsız hala düşən kimi, onlar dövlət tərəfindən kömək gözləyirlər. Bu dərəcədə əlçatan sığorta növü olduğu yerdə belə vərdişlərin qalması kədərləndirici haldır.
Yerigəlmişkən, evlərin illik sığorta haqqı 40 manat olan ərazilər üzrə günə 11 qəpik, 30 manat olan ərazilər üzrə isə cəmi 8 qəpik ödəniş düşür.
İqtisadçı Pərviz Heydərov: Əmlakın qiyməti, dəyəri bəlli olmadan standart olaraq Bakıda 50, Sumqayıt, Gəncə və Naxçıvanda 40, digər yerlərdə 30 manat sığorta haqqı hansı məntiqə əsaslanır? Avtomobillər üzrə icbari sığorta mühərrikin həcminə görə diferensiallaşdırılmış şəkildə yığılır. Daşınmaz əmlakın mühərriki olmursa da, sahəsi və dəyəri var axı...
Sığorta üzrə ekspert Pərviz Quliyev: “İcbari yığımların ən çoxu Bakını əhatə edir. Yığımların həcmi potensialın 10%-ni keçmir. Daşınmaz əmlakın istismarına görə məsuliyyətin icbari sığortası isə 0 səviyyəsindədir. Avtomobillərin icbari sığortasındakı kimi konkret nəzarət mexanizmi formalaşdırmaq lazımdır”.
Əmlak məsələləri üzrə eksperti Ramil Osmanlı: “Əsas səbəblərdən biri odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə İcbari Sığorta Bürosunun informasiya mübadiləsinin inteqrasiyası mümkün deyil. Elektron hökumət portalı çərçivəsində reyestrə keçid 2 ildir reallaşmayıb. Bakıda mənzillərin qiymətini nəzərə alsaq, icbari sığorta məbləğinin 25 min manat həddinin bir qədər yüksəldilməsinə ehtiyac var. Bu sahədəki rəqəmlərdə illik dinamika olsa da, bu daha çox əməliyyatlarla bağlıdır, yəni könüllü olaraq öz əmlakını sığortalamaq istəyənlərin sayı çox azdır, cərimə sistemi təkmil olsa, müəyyən qədər icbari yığımlar arta bilər”.
Hansı binalar sığorta olunmur?
İcbari sığortaya cəlb olunmayan tikililər bunlardır: sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi, tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan, özbaşına tikinti sayılan daşınmaz əmlak.
Bəs, başqası tərəfindən ziyan vurularsa?
Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində baş verən sığorta riskləri – elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri; qaz partlayışı; elektrik naqillərində baş verən qısa qapanma; su, istilik və kanalizasiya xətlərində qəza nəticəsində subasma; hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi vəziyyətlə əlaqədar zərərçəkənin üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi hesab olunur. Bu sığorta üzrə əmlaka dəyən zərərə görə maksimum ödənilən məbləğ 50 milyon manatdır, sağlamlığa dəyən zərərə görə isə bir nəfərə ödəniş 5 min manatdır. Beləliklə, sığorta təminatının ümumi məbləği, yəni sığorta hadisəsi zamanı ödənilə biləcək maksimum məbləğ 100 min AZN təşkil edir. Sığorta haqqı da vahiddir – risk qrupundan asılı olaraq 30, 60, 90 və ya 120 AZN təşkil edir. 2021-ci ilin 11 ayı üzrə daşınmaz əmlakın istismarı üzrə mülki məsuliyyət sığortasından 776 min manat həcmində vəsait yığılıb.
"Azsığorta" ASC-nin İdarə Heyəti sədrinin müavini Elbrus Fərzəliyev: Bu sığorta növü üzrə yığımların bu qədər az olmasına gəldikdə isə, bu “aysberqin” görünən hissəsidir. Əsl problem yenə də, sahibkarlıq subyektlərinin və əhalinin mülki məsuliyyətinin qorunmamasıdır. Unutmayaq ki, xoşagəlməz hadisənin səbəbkarı özündən başqa ətrafındakılara da zərər yetirir. Daşınmaz əmlakın icbari sığortası növü ilə müqayisədə bu sığorta növünə maraq daha aşağı səviyyədədir. Sual yaranır – öz əmlakını sığortalamayan sahibkar, üçüncü şəxslər qarşısında məsuliyyətinin sığortalanmasına nə dərəcədə maraq göstərəcək?
İndi isə hələ də təhlükəsizlik meyarlarının tam qorunmadığı və daha tez-tez şahidi olduğumuz obyektlərin, ticarət mərkəzlərinin sığortasına diqqət çəkək. “Diqlas” hadisələrində artıq ölkə başçısı da prosesə müdaxilə edərək, sığorta sektorunda təkmilləşdirmə aparılması barədə tapşırıq verdi. Hadisələrin gedişatında məlum oldu ki, ticarət mərkəzlərinin daşı-divarı müəyyən məbləğdə sığortalanıb, ancaq içindəki yanan mallara görə heç kim məsuliyyət daşımır. Nə də ki orada mal satan sahibkarın sığortası yoxdur ki, öz ziyanını qarşılasın. Səslənən məbləğlər isə bəzən şok effekti yaradırdı, “5 milyonluq malım yanıb”, - deyən də vardı. Prezident də göstəriş verdi ki, bu məsələlər kompleks olaraq həll edilsin, sığorta işləsin. Nəticədə qınaq obyekti olaraq sığorta şirkətləri göstərildi, amma ticarət mərkəzlərindəki daşınar əmlakın sığortalanması bu prosesin son mərhələsidir, ona qədərki proseslər şəffaf olsa, məsələn həmin malların gömrük qeydiyyatı, uyğunluq sertifikatı, anbar hesabatları varsa və ya sığortalama mexanizmində müvafiq dəyişiklik edilməlidirsə və edilsə, sığortaçı niyə sığortadan imtina etsin ki, axı bu, onun biznesidir.
Bu hissədə elə o vaxtdan bu vaxta problem olaraq qalan daşınar əmlakın sığortası üzrə rəsmi göstəricini verəcəyəm ki, vəziyyətin “harada ilişib qaldığını”n əlavə şərhinə ehtiyac yaranmasın: 2021-ci ilin noyabr ayının sonuna olan göstəriciyə əsasən, Azərbaycanda 11 ayda daşınar əmlak üzrə cəmi 48,9 milyon manat həcmində sığorta haqqı yığılıbsa, demək yenə “Diqlas” mərhələsindəyik.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov: Malların sığortası bir qədər çətindir, tələb olunan sənədlər çoxdur. Anbar üzrə sənəd tələb olunur, axı hər gün anbardakı malın həcmi dəyişir. Təklif edirəm ki, konkret ticarət mərkəzlərindəki sahibkarlar ödədikləri sığorta haqqına görə sığorta məbləği alsınlar. Məsələn, 500 manat sığorta haqqı ödəməklə, nə qədər sığorta məbləği ala bilər, bunun ətrafında sığorta müqaviləsi bağlana bilər, yəni məhsulla bağlı hər hansı əlavə sənədlərə ehtiyac olmadan.
"Azsığorta" ASC-nin İdarə Heyəti sədrinin müavini Elbrus Fərzəliyev: Burada önəmlisi yığım həcmi yox, sığortalanmayan və deməli, təhlükə altında qalan əmlakların dəyəridir. Daşınar əmlakın sığortası qismində, adətən, anbarda saxlanılan mallar çıxış edir. Təəssüflər olsun ki, əksər hallarda anbarda malların saxlanılması müvafiq normativ qaydaların kobud pozulması ilə təşkil edilir.
Digər səbəb yanğın-təhlükəsizlik qaydalarına riayət olunmamasıdır. Bu problem ən çox ticarət obyektlərinin sıx yerləşdiyi ərazilərdə yaşanır. Qısa qapanma səbəbindən yanğın baş verir, sonradan bəlli olur ki, elektrik naqillərində problemlər öncə də yaşanıb, amma riski düzgün dəyərləndirib, problemi kökündən həll etməkdənsə, müvəqqəti həllər seçilib. Yuxarıda qeyd olunanlar, təhlükə altında qalan əmlakların sığorta hesabına qorunmasına mane olur.
Sığorta yığımlarında “xəyali qənaət”
Sevindirici haldır ki, daşınmaz əmlakın icbari sığortası üzrə ümumi yığımları ildən-ilə artır. Bu artım əsasən, qeyri-yaşayış obyektlərin hesabına formalaşır və pozitiv tendensiya yanlış təəssürat yarada bilər ki, bu sahədə problemlər öz həllini tapıb. Bu elə deyil, “Diqlas təcrübəsi” hələ də gündəmdədir. Obyekt sahibi bildirmişdi ki, əmlakın dəyəri 25 milyon manatdır, halbuki, ödədiyi sığorta haqqı bu məbləğdə sığortaya uyğun deyildi. İstər hüquqi, istər fiziki şəxs əgər obyektini tam sığortalamaq istəyirsə bilməlidir ki, əgər binanın altındadırsa, ayrıca tikili deyilsə - orta bazar dəyəri, ayrıca tikilidirsə, bərpa dəyəri ilə hesablanır. Azərbaycanda isə bu obyektlərin sahibləri sığorta şirkətləri ilə “məbləğ bazarlığı” edirlər. Məsələn, mən 100 manat sığorta haqqı verirəm, buna uyğun hesablayıb sığorta məbləğini yaz, yəni adı olsun ki, sığortam var. Əslində, sığorta məbləğindən sığorta haqqı formalaşmalıdır, bizdə isə əksinədir. Sahibkar çalışır ki, 300-500 manatla “sığorta söhbətini” bağlasın. Beləcə, onun əmlakının bazar dəyəri guya 500 minə çıxır, halbuki, əmlakının dəyəri 3 milyondan az deyil.
Maksimumu götürsək, bazar dəyəri 25 milyon manat olan ticarət mərkəzinin sığorta haqqının hesablanma qaydası təxminən belədir:
Sığorta məbləği, min manatla |
Azadolma məbləği, min manatla |
Sığorta haqqı, min manatla |
Ödəniləcək sığorta vəsaitinin həcmi |
25.000.000 manat |
2.500.000 manat |
70.000 manat |
25.000.000-2.500.000 =22 milyon 500 min manat |
İllik ödənilən sığorta haqqı əlbəttə, nəzərəçarpandır, amma yenə də ödəniləcək məbləğin 0,28%-ni keçmir.
"Azsığorta" ASC-nin İdarə Heyəti sədrinin müavini Elbrus Fərzəliyev: “Bu sığorta növü üzrə qanunvericilik, bir tərəfdən, sığorta şirkətindən daşınmaz əmlakın tam dəyərinin sığortalanmasını tələb edir, lakin, eyni zamanda, sığorta şirkətinə bunu təmin etmək üçün heç bir alət vermir. Gəlin rəqəmlər üzərindən bu misala baxaq. Təxmini yanaşsaq, daşınmaz əmlakın icbari sığortası üzrə tarifi 0,2 faiz kimi götürə bilərik. Deməli, 1 mln. AZN-lik sığorta predmetinin bir illik sığortası üçün sahibkar 2000 AZN ödəməli idi. Sahibkar əmlakın dəyərini 100 min AZN olaraq bildirməklə, sığortaya görə 200 AZN ödəyir və hesab edir ki, 1800 AZN qənaət edib. Hadisə baş verir və sahibkar sığorta müqaviləsində göstərilən tam məbləği alır, yəni 100 min AZN. Real zərər isə 500 min AZN-dir. Beləliklə, 1800 AZN “qənaət” etməklə, sahibkar 400 min AZN itkiyə gedir. Buna xəyali qənaət deyirlər. Beləliklə, öncə qeyd etdiyimiz kimi, sahibkarlıq subyektlərinin və əhalinin əmlak, biznes və maliyyə maraqlarının əksər hissəsi sığortalanmır, sığorta olunan isə tam dəyəri həcmində sığortalanmır.
Dünya təcrübəsi göstərir ki, bu problemin həlli qeyri-yaşayış obyektlərinin real dəyərinin vahid mənbə tərəfindən müəyyən edilməsidir. Bu halda sahibkar ilə sığorta şirkəti arasında obyektin real dəyəri müzakirə mövzusuna çevrilmir.
Nəticə
Ümumiyyətlə, icbari sığorta müqaviləsinin bağlanmamasına görə hansı cərimələrin tətbiq olunması İnzibati Xətalar Məcəlləsinin 569-cu maddəsi ilə tənzimlənir. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub. Məsələ bundadır ki, daşınmaz əmlakın icbari sığortasına görə inzibati məsuliyyət hələ 2011-ci ildə qəbul olunan qanunda öz əksini tapıb və ötən on il ərzində inzibati qaydada məsuliyyət heç kimə tətbiq edilməyib. Üstəlik, elan edilmiş və hazırda qüvvədə olan sığorta məbləğlərinin fərqləndirilməsinin özünün də dəqiq meyarları yoxdur, ancaq bu sığortanın vacibliyini şübhə altına almır.
Azərbaycanda sığorta sektoru dinamik inkişaf etsə də, Ümumi Daxili Məhsulunda onun payı hələ də 1 faizdən aşağıdır. Sığorta sektoru inkişaf etmiş ölkələrdə isə bu rəqəm həmişə 5 faizdən yuxarıdır və hətta bəzi ölkələrdə 10 faizi üstələyir. Etiraf etməliyik ki, cəmiyyətimizdə sığortaya maraq da arzu olunan səviyyədə deyil.
Bu problemdir və bu problem ölkə iqtisadiyyatına gündəlik rejimində mənfi təsir edir. Niyə? Çünki həm sahibkarlıq subyektlərinin, həm də əhalinin əmlak, biznes və maliyyə maraqlarının əksər hissəsi sığortalanmır və deməli qorunmur.
Xoşagəlməz hallar hər gün baş verir və maliyyə itkiləri ilə nəticələnir. Bu itkilərin əksər hissəsi həmin sahibkarlıq subyektləri və insanların öhdəsinə düşür. Bir çox hallarda bizneslər müflis olurlar və ya elə güclü zərbə alırlar ki, onların illər ərzində əldə etdiyi nəticələr puç olur.
Əhaliyə gəldikdə isə, insanlar əmlakını, mülkünü itirmiş olurlar. Dəfələrlə görmüşük ki, xoşagəlməz hallar nəticəsində çətin duruma düşən insanları dəstəkləmək üçün bu xərcləri dövlətimiz öz üzərinə götürür. Bu humanizm rəmzidir, amma əslində belə olmamalıdır. İqtisadiyyat bu cür hadisələrin öhdəsindən özü gəlməlidir. Sığorta da məhz bunun üçündür.
Sual yaranır ki, “Buna nə cür nail olmaq olar? Sığortaya marağı nə cür artırmaq olar?” Dünya təcrübəsi göstərir ki, sığorta sektorunun inkişafı üçün əhalinin sığorta savadlığının artırılmasına yönələn geniş maarifləndirmə işlərinin aparılması önəmlidir. Düzdür, bu uzun və mürəkkəb bir prosesdir, sevindirici hal isə odur ki, artıq başlamışıq.
P.S. Hər halda risklərlə dolu müasir dünyada sığortalı yaşamaq özü bir kamportdur. Evinizin sığortalı olması rahatlığını 50 manata ala bilirsinizsə, bunu edin ki, bir narahatlığınız aradan qalxsın.
Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Risklərin idarə edilməsində sığortanın rolu” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb.
İlhamə XANLARQIZI