Azərbaycan-Türkiyə Enerji Forumunda 6 sənəd imzalanacaq
Bu gün Bakıda keçiriləcək Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində 6 sənəd imzalanacaq.
Məlumata görə, forum Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin həmsədrliyi ilə keçiriləcək.
İlk sənəd Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun Protokolu olacaq.
Həmçinin, forum çərçivəsində Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu, “Azerenerji ASC ilə “Türkiye Elektrik İletim Anonim Şirketi” (TEİAŞ) arasında əməkdaşlıq Protokolu imzalanacaq.
Bundan başqa, Azərbaycan ilə Türkiyə hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Sazişə imza atılacaq.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi və MTA Beynəlxalq Mədənçilik Şirkəti arasında əməkdaşlığın həyata keçirilməsi sahəsində Anlaşma Memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti ilə Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi arasında yer elmləri sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha çevik və nəticəyönümlü olmasını təmin etmək məqsədilə təsis edilib.