Abdullahian bu həftə Azərbaycana gələcək
“İranın xarici işlər naziri Əmirhüseyn Abdullahian həftənin sonunda Azərbaycana səfər edəcək”.
ENA.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətbizadə dekabrın 20-də keçirdiyi həftəlik brifinqdə bildirb.
O deyib ki, səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti əsasında həyata keçiriləcək.
Qeyd edək ki, dekabrın 19-da İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin İslamabadda keçirilən toplantısı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib.
İran və Azərbaycanın xarici siyasət idarələrinin rəhbərləri iki ölkə arasında inkişaf edən əlaqələrdən məmnunluq ifadə edərək, əməkdaşlıq sahəsində baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Görüşdə tərəflər münasibətlərin inkişaf tendensiyasından məmnunluq ifadə ediblər, həmçinin iki ölkə arasında əməkdaşlıqla bağlı son proseslər diqqət mərkəzində olub.
Azərbaycanın xarici işlər naziri iranlı həmkarını Bakıya dəvət edib.