Birja

Güclü dollar yenə neftin qiymətini ucuzlaşdırdı

Çərşənbə günü Asiya ticarətində neft kotirovkaları bazardakı qeyri-müəyyənlik və gələn il təklifin tələbdən yüksək olacağına dair qorxular fonunda azalmağa davam edib.

Londonun ICE Futures birjasında saat 9:10-a Brent markalı neftin fevral fyuçerslərinin dəyəri bir barel üçün 72,89 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışına olan qiymətdən 0,81 dollar (1,1%) aşağıdır. 

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda yanvar ayı üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti bu vaxta kimi əvvəlki sessiyanın yekun dəyəri ilə müqayisədə 0,92 dollar (1,3%) azalaraq 69,81 dollar/barel təşkil edib. 

Beynəlxalq Enerji Agentliyi (IEA) gələn il üçün neftə tələbat təxminlərini gündə 100 min barel azaldıb. 

Neftə əlavə təzyiqi həftəlik maksimuma yaxın olan Amerika valyutası göstərdi. Güclü dollar nefti digər valyuta sahibləri üçün investisiya vasitəsi kimi daha az cəlbedici edir.

"ABŞ-da faiz dərəcələri yüksələ bilər ki, bu da dolları dəstəkləyir və neft qiymətlərinə mənfi təsir göstərir", - Ritterbusch and Associates LLC-dən Cim Ritterbusç bildirib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)