“Toyota” 2030-cu ilədək 30 elektromobil modeli təqdim etməyi planlaşdırır
Yaponiyanın ən iri avtomobil istehsalçısı “Toyota Motor” korporasiyası 2030-cu ilə qədər 30 elektrokar modeli təqdim etməyi planlaşdırır.
ENA.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “Toyota Motor” konserninin Prezidenti Akio Toyoda jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib.
“2030-cu ilədək 30 elektromobil modeli təqdim etməyi planlaşdırırıq. Bundan başqa, həmin dövr ərzində satış həcminin 3,5 milyon ədədə çatacağını gözləyirik”, deyə Akio Toyoda bildirib. O, həmçinin “Toyota” korporasiyasının 2035-ci ilə qədər müəssisələrdə karbon neytrallığına nail olmaq niyyətini elan edib. Avtomobil konserni, eyni zamanda elektromobillər üçün akkumulyatorların hazırlanmasına qoyulan sərmayəni artıraraq 1,5 trilyon yendən 2 trilyon yenə (13,2 milyard dollardan 17,6 milyard dollara qədər) çatdıracaq.
Kompaniya ilk elektrik avtomobili – “Toyota bZ4X” krossoverini 2022-ci ilin ortalarında Yaponiya, Şimali Amerika, Çin və Avropa da daxil olmaqla, dünyanın bir sıra regionlarında satışa çıxaracaq. Hazırda “Toyota” heç bir elektrokar modelinə sahib deyil. Konsern müştərilərinə müxtəlif hibridlər və hidrogenlə işləyən “Mirai” avtomobilini təklif edir, lakin sonuncu modelə demək olar ki, tələbat yoxdur.
Yaponiya hökuməti zərərli qazların atmosferə atılmasını azaltmaq üçün ötən ilin sonlarında yeni plan hazırlayıb. Plana əsasən, 2030-cu illərin ortalarınadək benzin və dizel yanacağı ilə işləyən avtomobillərinin istehsalı mərhələli şəkildə dayandırılacaq. Təsdiqlənən sənəd hidrogen enerjisinin inkişafı da daxil olmaqla, ümumilikdə 14 sahəni əhatə edir. Hökumətin hesablamalarına görə, qəbul edilən inkişaf strategiyası ölkə iqtisadiyyatını stimullaşdırmalı və 2030-cu ilə qədər təxminən 900 milyard dollar, növbəti 20 il ərzində isə 1,8 trilyon dollarlıq iqtisadi effekt yaratmalıdır.