SpaceX atmosferdəki CO2 qazını raket yanacağına çevirəcək
Elon Musk-ın verdiyi məlumata əsasən SpaceX şirkəti atmosferdə mövcud olan CO2 qazını raket yanacağına emal etməyi planlaşdırır. Başqa sözlə desək, şirkət raket yanacağını birbaşa havadan əldə edəcək. “SpaceX atmosferdən CO2-nin yığılması və onu raket yanacağına çevrilməsi proqramına start verir. Əgər bu işdə maraqlısınızsa bizə qoşulun” - deyə Musk öz Twitter hesabında qeyd edib. Sözügedən layihəyə qoşulmağın kimə təklif olunduğu barəsində bir məlumat yoxdur. Heç istisna deyil ki, bu, aerokosmik sahədə çalışan bütün strukturlara aiddir.
Musk-ın fikrincə bu cür texnologiya perspektiv cəhətdən çox faydalıdır. Yaxın gələcəkdə Marsa reallaşdırılacaq uçuşları nəzərə alsaq, texnologiyanın faydası daha da artır. Marsın atmosferi əsasən CO2 qazından ibarətdir. Buna görə də Marsda olacaq astronavtlar raket yanacağının istehsalı üçün daimi resursa sahib olacaqlar. Musk sözügedən proqramın nə zaman işə düşəcəyi barəsində bir məlumat verməyib. Mövcud olan məlumatlara əsasən CO2 qazının raket yanacağına emalı prosesi çərçivəsində havanın CO2-dən təmizlənməsi və həmçinin metanın yaranması reallaşdırılır. Raket yanacağının əsas tərkib hissəsi də məhz metandan ibarətdir.