Qarabağ

Ermənistan ordusu itki verdi: 1 ölü, 3 yaralı...

Ermənistan-Azərbaycan sərhəddində vəziyyət gərgin olaraq qalır.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.

Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.

Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb. 

ENA.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin bir az öncə yaydığı məlumata görə, Azərbaycanla sərhəddə baş verən atışma nəticəsində 1 erməni əsgər ölüb və bir neçəsi yaralanıb.  Ermənistan mətbuatı 3 hərbçinin yaralandığını bildirir.

Saat 14:30-a olan məlumata görə, atışma dayanıb.
Xatırladaq ki, dekabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində düşmən qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)