Qarabağ

SON DƏQİQƏ: Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək - RƏSMİ

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

ENA.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə rəsmi Kreml məlumat yayıb.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü noyabrın 26-da Soçidə baş tutacaq. 

Danışıqlar Rusiya dövlət başçısının təşəbbüsü ilə aparılacaq. Üç ölkə liderinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli sazişlərinin icrasına baxılması, o cümlədən regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır. 

Kremlin mətbuat xidmətinin məlumatına görə, ayrıca Putin-Əliyev və Putin-Paşinyan söhbətləri də nəzərdə tutulub.

Xatırladaq ki, üç ölkə liderinin mümkün görüşü hələ oktyabr ayında müzakirə edilmişdi və Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov demişdi ki, “belə bir razılaşma əldə olunarsa, Kreml bu barədə vaxtında məlumat verəcək". 

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə sammiti çərçivəsində Əliyev-Paşinyan görüşü planlaşdırılıb. Həm Azərbaycan, həm də Ermənistan tərəfi həmin görüşə artıq rəsmən razılıq verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)