Əhali tərəfindən xarici valyutanın alışı kəskin azalıb
Nağd valyuta alqı-satışı üzrə bazarın həcmi daralıb. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə 2,7 milyard dollar məbləğində əməliyyat aparılıb. Bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 35,4% azdır.
“Hesabat dövründə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların 85,2%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - deyə AMB-dən bildirilir.
Cari ilin üçüncü rübündə əməliyyatların həcmi 0,8 milyard, ikinci rübdə -0,8 milyard, I rübdə 1,1 milyard dollar təşkil edib.
AMB-nin məlumatına görə, son 6 ay ərzində banklar tərəfindən xarici valyutanın alışı satışların həcmini ötür. Bunun nəticəsində bankların valyuta hərracında əldə etdiyi valyuanın həcmi də azalıb və Dövlət Neft Fondunun valyuta satışı üzrə qrafikində geriləmə var.
Yanvar-sentyabr aylarında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi isə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6% artaraq 19,2 milyard dollar olub. Nağdsız valyuta əməliyyatlarının 85,9%-i ABŞ dollarında, 14,1%-i isə digər valyutalarda aparılıb.
Hesabat dövründə nağdsız valyuta əməliyyatlarının 28,7%-i banklararası valyuta bazarında (BVB), 71,3%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.