Hadisə

“İdeal”ın keçmiş sahibinin vəkilləri məhkəməyə etiraz edib

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş rəhbəri İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Əli Məmmədovun sədrlik etdiyi prosesdə İ.İsmayılovun “İdeal Kompani”də direktor olduğu dövrdə onun digər ortağının nümayəndəsi olmuş Fuad Əliyevin əlavə şahid qismində dindirilməsi barədə müdafiə tərəfinin verdiyi vəsatət müzakirə edilib.

Müdafiə tərəfi vəsatətini belə əsaslandırmışdı ki, F.Əliyev “İdeal”ın idarə edilməsində digər ortağa mənfəətin çatdırılmasında birbaşa iştirak edib. İ.İsmayılov da vəsatəti dəstəkləyib.

Məhkəmə vəsatəti rədd edib.

Vəkillər buna etiraz ediblər.

Daha sonra İ.İsmayılova qarşı ittihamda “Şəhər bağları”nda mənzilin alınması üçün “İdeal Kompani” MMC-dən 280 min manat məxaric edilməsini təkzib edən və mənzilin təqsirləndirilən şəxs tərəfindən daha əvvəlki tarixdə 1 milyon manat ödənilərək alınmasını təsdiq edən razılaşmanı imzalayan şəxslərin şahid qismində dindirilməsi ilə bağlı vəsatət müzakirə edilib.

Vəsatətə təmin edilib və şahidlərin məhkəməyə dəvət ediləcəyi elan olunub.

Müdafiə tərəfinin “İdeal Kompani” MMC-nin 2013-2016-cı illər üçün gündəlik kassa əməliyyatlarının köçürülərək cinayət işi materiallarına əlavə edilən yaddaş kartının (fləşkart) məhkəmədə tədqiq edilməsi ilə bağlı vəsatəti ötən iclasda təmin edilsə də, hakim Ə.Məmmədov elan edib ki, yaddaş kartında olan fayl qeyri-müəyyən formatda olan faylda olduğu üçün onu açmaq mümkün deyil. Həmin yaddaş kartına baxılmasının zəruri hesab etmədiyi bildirilib.

Müdafiə tərəfi məhkəməyə etiraz edib. Onlar etirazı yazılı təqdim etmək üçün məhkəmədən vaxt istəyib.

Proses noyabrın 15-də davam edəcək.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)