"Rusiya bazarı artıq əvvəlki bazar deyil, keyfiyyətə nəzarət çox ciddidir"
Rusiya bazarı əvvəlki bazar deyil. Rusiyada pomidor, nar, xiyar, xurma və armuda böyük tələbat var
Bunu "BI"yə kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli bildirib.
N.Nəsirli deyib ki, bu il ənənəvi bazarımız olan Rusiyada pomidor, nar, xiyar, xurma və armuda böyük təlabat var:
“Bunu Moskvada ixracla məşğul olan bir yoldaşla danışığımız zamanı o da təsdiqlədi. Rusiyaya məhsul ixrac etmək istəyən həmyerlilərimizə tövsiyələr də verdi. Rusiya bazarı artıq əvvəlki bazar deyil, keyfiyyət göstəricilərinə nəzarət çox ciddidir. Əzik, ləkəli malı qəbul etmirlər, kal yığılmış məhsulun yetişmə dərəcəsi əvvəlcədən müəyyən olunur. Məhsul yetişmə dərəcəsinə uyğun bazara buraxılır”.
Ekspert bildirib ki, ixrac məhsullarının qablaşdırılması çox vacibdir:
“Standart qablaşdırma olmalıdır, ekoloji təmiz məhsullardan istifadə olunmalıdır, plastikdən hazırlanmış qablar məsləhət deyil. Əsas odur ki, qab məhsulu zədələməməli, daşınma risklərinə qarşı qorumalıdır”.
N.Nəsirlinin sözlərinə görə, ixracla məşğul olan dövlət və özəl qurumlarla məsləhətləşmələr aparılaraq işə başlamaq daha yaxşı olar.