Sağlamlıq

Əli Əsədov qərar imzalayıb

İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə Qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi təsdiq edilib.

ENA.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Məlumat bazası icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların elektron qaydada həyata keçirilməsinin təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılır.

Qəbul edilmiş Qərar icbari tibbi sığorta xidmətlərinin göstərilməsi ilə əlaqədar icbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılmasını və istifadə qaydasını, həmin məlumat bazasına informasiya sistemlərinin və resurslarının inteqrasiyasını, məlumat mübadiləsinin təşkilini və məlumatlara buraxılış dərəcəsini tənzimləyir.

Məlumat bazasının əsas istifadə məqsədi icbari tibbi sığorta üzrə xidmətlərin göstərilməsi üçün icbari tibbi sığortanın iştirakçıları barədə zəruri informasiyanın təminatından, icbari tibbi sığorta ilə əlaqədar proseslərin elektron formada idarə edilməsindən ibarətdir.

Qərarla məlumat bazasının formalaşdırılması və istifadə qaydası aşağıdakı kimi müəyyən edilib:

Məlumat bazası icbari tibbi sığortanın tətbiqi ilə bağlıəməliyyatların elektron qaydada həyata keçirilməsi məqsədilə formalaşdırılır.

Məlumat bazasının informasiya resursları, habelə təminat, inteqrasiya və təhlükəsizlik vasitələri milli informasiya fəzasının tərkib hissəsidir və Azərbaycan Respublikasının mülkiyyətidir.

Məlumat bazasının əsas istifadə məqsədi icbari tibbi sığorta üzrə xidmətlərin göstərilməsi üçün icbari tibbi sığortanın iştirakçıları barədə zəruri informasiyanın təminatından, icbari tibbi sığorta ilə əlaqədar proseslərin elektron formada idarə edilməsindən ibarətdir.

Məlumat bazasını aşağıdakı elementlər təşkil edir:

Məlumat bazasının proqram-texniki kompleksi;

Məlumat bazasının şəbəkə infrastrukturu;

Məlumat bazasının ehtiyat mərkəzi;

Məlumat bazası istifadəçilərinin iş yerlərinin texniki vasitələri.

Məlumat bazasının proqram-texniki kompleksinə serverlər, yaddaş sistemləri, məlumatın mühafizə vasitələri, fasiləsiz enerji mənbəyi, əməliyyat sistemləri, tətbiqi proqram təminatı və digər proqram-texniki vasitələr aiddir. Məlumat bazasının proqram-texniki kompleksi Agentliyin nəzarəti altında fəaliyyət göstərir.

Məlumat bazasının şəbəkə infrastrukturunu kommunikasiya avadanlıqları və mühafizə olunan rabitə kanalları təşkil edir.

Məlumat bazasının ehtiyat mərkəzi yaradılır və proqramtexniki vasitələrin nüsxəsi bu mərkəzdə saxlanılır.

Agentlik Qaydaların 6-cı hissəsində nəzərdə tutulmuş funksiyaları həyata keçirir.

Agentliyin aşağıdakı hüquqları vardır:

Əldə olunması qanunla məhdudlaşdırılan, o cümlədən xidməti istifadə üçün nəzərdə tutulan informasiyadan yalnız müvafiq normativ hüquqi aktlara uyğun şəkildə istifadə etmək;

Məlumat bazasında qəzaların (xətaların) baş verməsi hallarının qarşısının alınması məqsədilə sınaqlar keçirmək.

Agentliyin vəzifələri aşağıdakılardır:

Məlumatların mötəbərliyini nəzarətdə saxlamaq və mütəmadi (dövri) yoxlamaq;

Qanunsuz daxilolma və saxtalaşdırma hallarının qarşısını almaq, giriş və əməliyyat tarixçələrini (loqları) saxlamaq;

Fəaliyyətin fasiləsizliyini təmin etmək, dayanma hallarının qeydiyyatını aparmaq, mütəmadi texniki dəstək fəaliyyəti həyata keçirmək;

Fərdi məlumatların toplanılmasını və işlənməsini “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək;

Arxivləşməyə hazırlığın (arxiv qeydi aparılmaqla) avtomatlaşdırılmış qaydada həyata keçirilməsini təmin etmək;

Formalaşdırılan, daxil edilən və toplanılan məlumatların əlavə nüsxələrinin ehtiyat mərkəzlərində saxlanılmasını təmin etmək;

Məlumat bazasından istifadəni (o cümlədən informasiyanın axtarılmasını və əldə edilməsini) normativ hüquqi aktlarla müəyyənləşdirilmiş səviyyədə, həcmdə və vaxtda təmin etmək;

Məlumat bazasının mühafizəsi ilə bağlı normativ hüquqi aktlarla müəyyən edilmiş zəruri təşkilati, texniki tədbirlər görmək, formalaşdırılan, daxil edilən və toplanılan məlumatların aktual, təhlükəsiz şəraitdə saxlanılmasını və mühafizəsinı təşkil etmək;

Fərdi məlumatların toplanılması, işlənməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və Məlumat bazasının mühafizəsinə nəzarəti “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada həyata keçirmək.

Agentliyin əməkdaşları Məlumat bazasından icbari tibbi sığorta üzrə xidmətlərin göstərilməsi, məlumatların daxil edilməsi və icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların həyata keçirilməsi üçün istifadə edirlər.

Agentliyin əməkdaşları Məlumat bazasından həmin bazanın internet informasiya ehtiyatı üzərindən Vahid Giriş Sistemi (“ASAN” Login) vasitəsilə identikləşdirildikdən sonra istifadə edirlər.

Agentliyin əməkdaşları identikləşdirildikdən sonra Məlumat bazasına daxil olurlar və müvafiq əməliyyatları həyata keçirə bilərlər.

Məlumat bazası aşağıda qeyd olunan dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərindən və resurslarından istifadə etməklə elektron qaydada formalaşdırılır:

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi;

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department