MALİYYƏ

DB və PwC: Azərbaycanda vergi yükü 40,8% təşkil edir

Azərbaycan Dünya Bankı (DB) və beynəlxalq auditor şirkətinin hazırladığı “Paying Taxes 2019” icmalında 28-ci yeri tutub.

Azərbaycanın indeksi 83,8 təşkil edir.

Şirkətin saytında dərc olunmuş icmala əsasən, 190 ölkənin iqtisadiyyatı qiymətləndirilib.

DB və PwC-nin qiymətləndirmələrinə görə, Azərbaycanda vergi yükü 40,8% təşkil edir (ötən illə müqayisədə artım 1 faiz bəndi).

«Bu göstərici Mərkəzi Asiya və Şərqi Avropa regionu üzrə orta göstəricidən 32,8%, dünya üzrə orta göstəricidən isə 40,4% çoxdur», - deyə icmalda qeyd olunur.

Rusiyada vergi yükü 46,3%, Qazaxıstanda 29,4%, Gürcüstanda 9,9% təşkil edir.

Azərbaycanda vergilərin ödənilməsi üçün vergi ödəyicilərinə hər il 159 saat və orta hesabla 6 ödəniş həyata keçirmək lazımdır.

«Dünya üzrə zaman sərfi orta hesabla 237 saat, region üzrə 220 saat təşkil edir, regionda 15,9 ödəniş, dünyada isə 23,8 ödəniş həyata keçirilməlidir», - deyə icmalda vurğulanır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)