Lazımsız borclanmalara kimlər gedir?
Maliyyə savadlılığı bir insanın öz həyatında maliyyə ilə bağlı qərarları şüurlu şəkildə verə bilmək bacarığıdır. Əgər bir insan pul yığımaq, onu investisiya etmək və borc götürməklə bağlı vacib maliyyə qərarlarını sərbəst verə bilirsə belə insan maliyyə savadlılığı olan insandır.
Maliyyə savadı olmayan insanlar olan insanlara nisbətdə zərərli mövqedə olurlar. Çünki onlar, yığılan faiz konseptini anlamır, əməliyyat xərclərində çox pul itirir və lazımsız borclanmalara girə bilirlər. Araşdırmalar göstərir ki, belə insanlar zaman keçdikcə daha çox borc yığır, nəyinki pul. Maliyyə savadlılığı maliyyə qərarlarında təkcə zaman, həcm və yer ilə bağlı deyil, həm də müxtəlifliklə bağlı da insanların biliklərini əhatə edir.
Araşdırmalar göstərir ki, (S&P Globallit survey 2014) maliyyə savadlılığının dərəcəsinin ölkənin iqtisadiyyatına böyük əlaqəsi var. Belə ki, maliyyə savadlılığı əhali üzrə 40% və daha artıq olan ölkələrin adam başına düşən ÜDM 12-70,000 USD arasında dəyişərkən, bu faizin altında qalan ölkələrdə adambaşı ÜDM 12 min dolların altındadır. Varlı ölkələrin varlı olması maliyyə savadlılığı ilə izah oluna bilsə də, adambaşı ÜDM-ə görə aşağı yerləri tutan ölkələrdə bu əlaqə yoxdur. Çünki, adambaşına düşən ÜDM-in aşağı olduğu ölkələrdə insanlar haqqında qərar vermək üçün kifayət qədər maliyyəyə sahib deyillər. Bu isə o deməkdir ki, dövlətin təhsil və istehlakçıların qorunması haqqında siyasət bu ölkələrdə birbaşa maliyyə savadlılığının göstəricisinə təsir edən başlıca faktordur. 2014-cü ildə Azərbaycanda adambaşına düşən ÜDM 7 min 800 dollar təşkil etmişdir. Hazırda bu göstərici 4 min 200 dollardır.
Sorğular göstərir ki, (1) risk diversifikasiyası, (2) faiz gəliri və xərci, (3) inflasiya və (4) yığılan faiz ilə bağlı 4 konseptdən ən az başa düşüləni risklərin diversifikasiyasıdır. Dünya üzrə ortalamada insanların 40%-dən daha artıq hissəsi digər konseptləri anlasa da risk diversifikasiyasını anlayanların həcmi 30%-dən azdır.
Xüsusi ilə ölkəmizdə bu məsələ özünü bariz göstərməkdədir. İstər biznesindən gəlir əldə edən sahibkar, istər daşınmaz əmlak üzrə passiv gəlir əldə edən investor, istər nağd pulu sevən bank depozit müştəriləri, istərsə də yüksək riskli alətlərdə ticarət etməklə gəlir qazanmağı hədəfləyən pərakəndə investorlar. Bunlardan hər birinin böyük hissəsi yanlız onun getdiyi yolun doğruluğuna inanır, investisiya edərkən diversifikasiyanın əhəmiyyətinə fikir vermirlər.
Beynəlxalq araşdırma hesabatlarına nəzər salsaq İEOÖ ölkələrində cavan nəslin hər bir digəri bir əvvəlindən daha savadlı olsa da, ümumilikdə bu yenə də İEÖ ölkələrindən xeyli aşağıdır. Yəni, məsələn inkişaf etmiş ölkələrdə yaşı 35-ə qədər olan insanların maliyyə savadlılığı 35-50 yaş aralığına nisbətdə daha az olsa da inkişaf etməkdə olan ölkələrdə bunun əksidir. Lakin, əhalinin faiz etibari ilə hər iki yaş kateqoriyasında inkişaf etmiş ölkələrdə maliyyə savadlılığı daha çoxdur. Azərbaycanda da bunun artırılması ilə bağlı məsuliyyət birmənalı həm dövlət həm də özəl təşkilatlarının payına düşür. Belə ki, həm məktəblərdə, həm də universitetlər kimi təhsil ocaqlarında tələbələrə kariyera seçimi, xərclərin idarə olunması və investisiyalar haqqında seminarlar deyilməli, bəlkə də tədris materialına salınmalı və təhsil məcmusunun komponentinə çevrilməlidir. ADA kimi bəzi universitetlərdə bunun şahidi olmaq olar. Lakin, bu daha çox genişlənməli və birbaşa və ya bilavasitə olaraq iqtisadiyyat ilə əlaqəsi olmayan təhsil sahələrinə də aid edilməlidir. Eləcə də, ölkə üzrə maliyyə bazarlarının azadlığı, iqtisadi siyasətin anlaşıqlığı, kapital bazarı alətlərinin dərinliyi maliyyə savadlılığının artırılmasında birbaşa rol oynayacaqdır.
Qadınların maliyyə savadlılığı xüsusi ilə önəmlidir. Azərbaycanda qadınların əməyə cəlb olunması faizi kişilərdən aşağıdır. Bu nisbətin 2 olduğunu ehtimal etmək olar. Yəni 18 yaş və yuxarı kişilərin 98%-i əmək bazarında təmsil olunarkən qaınların ən yaxşı halda 54%-i əmək bazarında təmsil olunurlar. Bu, özlüyündə ÜDM-də böyük itki deməkdir. Digər tərəfdən qadınların maliyyə savadlılığının artması, onların cavabdehlərindən azad şəkildə maliyyə qərarlarını verə bilməyi ölkə üzrə gəlir və yaşayış səviyyəsinin artması, cinayətkarlıq səviyyəsinin isə azalması ilə müşahidə oluna bilər.
Biz, kapital bazarlarının iştirakçıları kimi, istər fərdi şəkildə, istərsə də, bir yerdə olduğumuz İctimai Birliklər vasitəsi ilə radio və tv efirlərdə, internet resurslarında, bəzən universitetlərdə maliyyə savadlılığının artırılması, xüsusi ilə kapital bazarları haqqında biliklərin təkmilləşdirilməsi ilə bağlı işlər görürük. Lakin, düşünürəm ki, bundan sonrakı dövr üçün konkret hədəfləri və ölçülə bilən nəticələri olan proqram tərtib etməli, bu proqramın ilkin və nəhayi nəticələri ölçülməli, ictimaiyyətlə paylaşılmalı və nəticələrin daha da yaxşılaşdırılması üçün növbəti plan və hədəflər hazırlanmalıdır. Əks halda getdiyimiz yolun harasında olduğunu və nailiyyətlərimizi anlamayacaq, səhvlərimizdən nəticə çıxara bilməyəcəyik.
Yüksək iqtisadi rifah, daha yüksək milli gəlir, daha sağlam və diversifikasiyalaşmış iqtisadiyyat və gözəl gələcək üçün, uşaqlarımız üçün maliyyə savadlılığına etinasız yanaşa bilmərik. Bunun üzərində çalışmaq hər birimizin missiyasıdır.
Orxan Bağırov – ekspert