“Apple” yeni “Watch Series 7” təqdim edib - VİDEO
Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series 7 smart saatını da təqdim edib
Əvvəlki Apple Watch modellərindən fərqli olaraq yeni smart saat daha böyük ölçülü ekran, daha dairəvi kənar hissələr, dözümlü gövdə və tozdan qorunma özəlliyini əldə edib. Keçən ilki Watch Series 6 ilə müqayisədə Watch Series 7-nin ekran ölçüsü 20% böyüyüb. Smart saat 2 gövdə ölçüsündə təqdim olunub. Onlardan birinin ölçüsü 41 mm, digərinin ölçüsü isə 45 mm təşkil edir. 45 mm gövdə ölçüsünə sahib modelin ekranı 1.9 düym təşkil edir. Bunun hesabına smart saatın ekranında daha çox məlumat əks oluna bilir.
Smart saatların ekranları Retina-dır və onlar 70% daha yüksək parlaqlığa sahibdirlər. Bununla yanaşı ekranlar Always on Display funksiyasını da dəstəkləyirlər. Qeyd etmək lazımdır ki, smart saatların sahib olduqları fiziki düymələrin də ölçüləri böyüyüblər. Saatlar IP6X standartı üzrə tozdan qorunma özəlliyini özlərində birləşdirirlər. Həmçinin USB Type-C vasitəsilə onların şarj sürətləri 33% yüksəlib. Apple şirkətinin məlumatına əsasən bir dəfə şarj olunandan sonra saatlar 18 saat ərzində çalışa bilirlər. 80% enerjini isə smart saatlar 45 dəqiqə ərzində yığırlar.
Əvvəlki Apple Watch modellərində olduğu kimi Watch Series 7 də insan sağlamlığının monitorinqi üçün nəzərdə tutulmuş bütün funksiyalara sahibdir. Bura elektrokardioqrafiya monitorinqi, yuxu keyfiyyətinin və qandakı oksigen miqdarının təyini, istifadəçinin öz əllərini yuyub-yumamasının təyini və s. kimi faydalı özəlliklər daxildir. Bununla yanaşı Watch Series 7 standart olaraq müxtəlif idman məşqləri rejimlərini də əldə edib. Smart saat watchOS 8 əməliyyat sistemi vasitəsilə çalışır. Watch Series 7 bu ilin payız fəslində 399$-dan başlayan qiymətlə satışa çıxacaq.