Dünyanın ilk 5G-li “ağıllı” şəhəri yaradılacaq
ABŞ-da dünyanın ilk 5G şəbəkəli “ağıllı” şəhəri yaradılacaq.
ENA.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
O, Vaşinqtonun yaxınlığında, “Amazon” şirkətinin qərargahının yanında yerləşəcək. Layihənin müəllifləri operator “AT&T” və daşınmaz əmlaka investisiya qoyan “JBG Smith” şirkətidir.
“AT&T” və “JBG Smith” şirkətləri “dünyada sürətli 5G internetli ilk ağıllı şəhər” yaratmaq barədə müqavilə imzalayıblar. Layihə üçün “Nation Landing” ərazisi (Şimali Virciniya) seçilib.
Şəbəkə avadanlığının quraşdırılması 2022-ci ilin birinci yarısında planlaşdırılır. Layihə pilotsuz avtomobillər, “ağıllı” işıqlandırma, o cümlədən süni zəkanın istifadəsi üçün şərait yaradılacaq gələcəyin “ağıllı” şəhərlərinin prototipi kimi düşünülüb.
Qeyd edək ki, “JBG Smith” “Amazon”un 445 935 kv. m sahəli ikinci qərargahının inşası üzrə tərəfdaşıdır.
5G şəbəkəsi ofislər, yaşayış yerləri, pərakəndə satış nöqtələri və “Amazon” mərkəzlərini əhatə edəcək. “Bloomberg CityLab”ın verdiyi məlumata görə, “ağıllı” şəhər bu sahədə “Verizon Communications” və “T-Mobile US” ilə rəqabət aparan “AT&T” üçün vitrinə çevrilə bilər.