BİZNES

Verginin büdcədənkənar Fonda yığdığı - PULUN HƏCMİ AÇIQLANDI

Əsasən vergi sanksiyalarından formalaşan Dövlət Vergi Xidmətinin büdcədənkənar fonduna daxilolmalar 2021-ci ilin yanvar-iyun aylarında 47 milyon 644,87 min manat təşkil edib. 

Bu dövrdə fonda daxil olan vəsaitin ümumi həcmindən 44 milyon 347,738 min manat xərclənib.

Həmçinin, bu dövrdə daha çox vəsait – 24 milyon 272,354 min manat ştatda olan əməkdaşların əmək haqqlarının ödənilməsinə yönəldilib.

Daha 3 milyon 501,069 manat Xidmətin ştatdankənar əməkdaşlarının əmək haqqlarına, 6 milyon 272,263 min manat – sosial ödənişlərə, 6 milyon 865,342 min manat – qeyri-yaşayış binalarının tikintisi, qalanı – digər məqsədlərə sərf edilib.

2021-ci il iyunun 30-na fondun qalıq vəsaiti 3 milyon 297,132 min manat təşkil edir. 

Nazirlər Kabinetinin qərarı ilə büdcədənkənar fonduna daxilolmaların mənbəyi - vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarından və məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışından İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən formalaşır. Həmin vəsait isə Dövlət Vergi Xidmətinin də daxil olduğu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə xərclənə bilər. Büdcədənkənar vəsaitin 50 faizinədək olan məbləği isə məhz işçilərin əmək haqqlarına əlavələrin edilməsinə yönəldilir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)