Sabaha olan - HAVA PROQNOZU
İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.
İyulun 7-də Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 7-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.