Azərbaycanda enerji auditi məcburi həyata keçiriləcək
Azərbaycanda 3 ildən bir məcburi enerji auditi həyata keçiriləcək.
Bu barədə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsində bildirilib.
Sənədə əsasən, məcburi enerji auditinin aparılması ilə bağlı tələblər Azərbaycan rezidentlərinin ölkə ərazisindən kənarda yerləşən filial və nümayəndəliklərinə şamil edilmir.
Energetika və iqtisadi sahələrdə cinayət törətməyə görə məhkum edilmiş şəxslər enerji auditoru kimi fəaliyyət göstərə bilməz.
Bundan əlavə enerji auditorları və enerji auditi üzrə təşkilatlar məcburi enerji auditi aparılan təsərrüfat subyektlərinin tabeliyində ola bilməz.
Qeyd edək ki, enerji auditoru qanunla müəyyən edilmiş tələblərə cavab verən və enerji auditini həyata keçirən, energetika və iqtisadi sahələrdə ali təhsilə malik və müvafiq ixtisas üzrə ən azı 3 (üç) il iş təcrübəsi olan fiziki şəxs ola bilər.