Sağlamlıq

COVİD-19-u gizli keçirənlər immunitet sertifikatını necə alacaq? - Nazirlikdən cavab

“Seroloji müayinənin nəticəsi pozitiv olduğu halda belə peyvənd orqanizmə daha güclü dəstək olacaq”.

ENA.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Yavər Hacısoy bildirib.

Həkim qeyd edib ki, COVID-19 virus xəstəliyi olduğu üçün digər virusların təyinatında olduğu kimi mikrobiloji müayinə üsullarından istifadə edilir:

“Bunlar mikroskopik, mikrobioloji, seroloji, bioloji və molekulyar genetik üsullardır. Bunlardan kultivasiya (əkilmə) üsülü hər zaman qızıl standart kimi qəbul edilir. Lakin əkilmənin viruslarda tətbiqi çətin olduğu üçün bu üsuldan dah çox elmi-tədqiqat üçün istifadə olunur. Virusların müayinəsində PZR (Polimerazalı Zəncirvari Reaksiya) dediyimiz molekulyar genetik üsul, seraloji üsul və antigen testlərindən istifadə edilir. Seraloji müayinə zamanı orqanizmə düşmüş yad maddələrə qarşı yaranmış anticisimləri təyin etməklə xəstəliyə diaqnoz qoyuruq. COVID-19 virusuna qarşı qanda həm IgG (immunoglobulin G) və IgM (immunoglobulin M) formaları əmələ gəlir. İlkin olaraq qanda IgM yaranır bunlarda xəstəliyin kəskin dövründə əmələ gələn anticismlərdir. Daha sonra isə igG əmələ gəlməyə başlayır. Xəstəliyin 10-14-cü günündən etibarən isə İgM qanda azalır və İgG titri artır və uzun müddət qanda dövr edir. Orqanizmdə COVID-19-a qarşı IgG formalaşır- yəni immun cavab yaranır. Antigen testi ilə götürülmüş yaxmada virusun səthi protein hissəciklərinin araşdırılır. PZR testində isə virusun götürülmüş materialda virusun genetik hissələri (RNT) axtarılır. Istifadə olunan bu üsulların hər birinin həssaslıq və spesifikliyi fərqlidir. Həssaslıq və spesifikliyi ən yüksək olan PZR testidir. Digər üsullar heç biri təsdiqləyici deyil”

Y.Hacısoy COVID-19 virusunun təyinatı zamanı istifadə edilən yaxma analizlərinin fərqinə də aydınlıq gətirib:

“COVID-19 virusunun təyinində antigen testləri də istifadə edilir. Bu, çox zaman insanlar arasında ekspress test dedikləri üsuldur. Vətəndaşlar bunu PZR yaxma testi ilə səhv salırlar və ya yaxma verdikləri xəstəxanalarda bu yaxmalar arasındakı fərq qeyd edilmir. Yanlış anlaşılmaya səbəb isə həm antigen həm də PZR testi üçün nümunə kimi yaxmanın götürülməsidir. Fərq nədir: hər iki müayinə üsulunda burun-udlaqdan və əsnəkdən yaxma götürülür. Antigen testlərdə götürülmüş yaxma xüsusi bufer məhlulda həll olunur. Bu üsulda kart testlərdən (ekspress) istifadə edilir. Həmin bufer maddədən testin üzərinə əlavə olunur və təqribən 30 dəqiqəyə cavab əldə edilir. Bu üsulun etibarlılığı yüksək olsa da, təsdiqləyici test deyil. Koronavirusunun aşkar edilməsi üçün həssaslıq və spesifikliyi ən yüksək olan PZR testidir, sürətli antigen testi isə PZR testindən bir qədər aşağı dəqiqlik səviyyəsinə malikdir. Qısaca təsdiqləyici test bütün dunyada PZR testidir. ÜST-nin açıqlamasında da qeyd olunur ki, digər üsullarla əldə edilmiş nəticələr PZR analizi ilə təsdiqlənməlidir”.

Həkim COVID-19-un qeyd edilən kilinik əlamətlərinin müşahidə olunduğu halda, PZR yaxma cavabının neqativ gəlməsinə belə izah verib:

“Analizlərin nəticələrinə təsir edə bilən preanalitik faktorlar vardır. Ümumiyyətlə dünya təcrübəsində də preanalitik faktorların analizin nəticəsinə təsiri 70% ətrafında qeyd edilir. Buna nümunə olaraq yaxmanın düzgün götürülməməsi və ya maye mühitinin kifayət qədər olmamasını qeyd etmək olar. ÜST-nin də tövsiyə etdiyi ən doğru yaxma götürülmə üsulu eyni yaxma çubuğu ilə ilk öncə əsnəkdən daha sonra isə burun-udlaqdan yaxmanın götürülməsidir. Nəticələrə təsir edən faktorlardan biri də zamanında götürülməyən yaxmalardır. Təxminən əlamətlər başlayandan 5-10 gün ərzində yaxmanın götürülməsi COVID-19 testinin nəticəsinin doğruluğunu artıracaqdır. Bir müddətdən sonra aşağı tənəffüs yollarına düşən virusu burun-udlaq yaxması ilə təyin etmək mümkün olmaya bilər.

PZR testi virusun RNT-ni axtardığına görə xəstə sağaldıqdan sonra virus ölsə belə, müəyyən müddət ərzində virüsün hissəcikləri yuxarı tənəffüs yollarında qala bilər və yanlış pozitivliyə səbəb ola bilər. Bu da PZR metodunun mənfi cəhətlərindən biridir. Belə hallarda müayinə mütləq təkrarlanmalıdır”.

Nazirlik rəsmisi virusu gizli keçirənlər və ya daha çox yaxma analizi vermədən ev şəraitində müalicə almış insanların immunitet sertifikatı əldə edə bilməməsilə bağlı sualı cavablandırarkən deyib ki, orqanizmdə olan IgG-nin vaksinasiya üçün əks göstəriş olduğuna dair heç bir mənbədə məlumat yoxdur:

“Yəni siz xəstələnib sağaldıqdan sonra bədəndə anticismlər az miqdarda qalması vaksinasiyaya nə əks göstəriş deyildir və hər hansı bir fəsad doğura bilməz. Onu da qeyd edim ki, xəstəliyi simptomsuz və ya yüngül keçirən insanların bəzilərində yaranan anticismlərin titri ya aşağı olur və ya ümumiyyətlə olmur. Bu səbəbdən seroloji müayinədə pozitiv nəticə olsa belə peyvənd orqanizmə daha güclü dəstək olacaq. 

Qanın ümümi analizi adı ilə bağlı çaşqınlıq sala bilər. Ümumi qan analizi əsasən qanımızda eritrositlər, leykositlər, trombositlər kimi hüceyrələrinin miqdarını göstərir. Qanın kliniki analizinin göstəricilərin öyrənilməsi anemiya, polisetemiya, trombositopeniya, trombositoz və leykopeniya, leykositoz, iltihab və s kimi vəziyyətləri qiymətləndirməyə imkan verir ki, bu vəziyyətlər həm hər hansı xəstəliyin simptomu, həm də müstəqil patologiya zamanı ola bilir. Yəni bu müayinə viruslar haqqında konkret heç nə deyə bilməz”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department