Beynəlxalq Bankın sədrinin səlahiyyətləri daha 3 il uzadıla bilər
İyunun 23-ü, saat 15:00-da “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“ENA” xəbər verir ki, yığıncaq koronavirus pandemiyası səbəbindən videokonfrans vasitələ keçiriləcək.
Yığıncağın gündəliyinə ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyyə olunmuş 2020-ci ilin maliyyə hesabatının təsdiq edilməsi, 2020-ci ilin maliyyə nəticələrinə əsasən dividendlərin ödənilməsi, 2021-2023-cü illərin maliyyə nəticələrinə görə bankın əməkdaşlarının mükafatlandırılması, İbrahimov Abbas Məmmədəli oğlunun növbəti 3 il müddətində yenidən ASC-nin İdarə heyətinin sədri təyin olunması məsələləri daxildir.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mlrd 241,287 mln manatdır. Bankın səhmlərinin 91,4 %-i Maliyyə Nazirliyinə, 3,76 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,13 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 4,71%-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.