Sosial iqtisadiyyat

"Azərsu"nun artan xərclərində nələr var?: hesabat

2020-ci ildə “Azərsu” ASC istehlakçılara içməli su satışından 133 milyon 954,8 min manat gəlir əldə edib ki, bu da 2019-cu ilin göstəricisindən 1,7% azdır. 

Cəmiyyətin gəlirlərinin ümumi həcmində əhaliyə su satışından 71 milyon 289,4 min manat vəsait (azalma 3,3%) daxil olub.

Hesabat dövründə bütün kateqoriyalardan olan abonentlərə 1 kubmetr içməli suyun satışından “Azərsu” ASC-nin gəlirləri 0,41 manat (azalma 6,8%), o cümlədən Bakı şəhəri üzrə 0,47 manat təşkil edib.

Ötən il cəmiyyət Bakı şəhəri üzrə abonentlərə su satışından 82 milyon 271,2 min manat (azalma 1,1%), o cümlədən əhaliyə su satışından 39 milyon 153,3 min manat (azalma 1,3%) gəlir əldə edib.

Bu dövrdə cəmiyyətin su təchizatı sisteminin istismar xərcləri 407 milyon 37,1 min manat (artım 3,3%) təşkil edib ki, bunun da 192 milyon 6,7 min manatı (artım 7%) Bakı şəhərinin payına düşüb.

Bundan başqa, 2020-ci ildə “Azərsu” kanalizasiya xidmətlərinin göstərilməsindən 56 milyon 714,4 min manat (azalma 7,4%) gəlir əldə edib. Tullantı sularının axıdılmasından əldə olunmuş gəlirlərin 18 milyon 783,9 min manatı (artım 9,9%) əhalinin payına düşüb. Ötən il kanalizasiya sisteminin istismar xərcləri 79 milyon 218,6 min manat (artım 21,1%) təşkil edib.

Beləliklə, 2020-ci ildə “Azərsu” ASC istehlakçılara su və kanalizasiya xidmətlərinin göstərilməsindən ümumilikdə 190 milyon 669,2 min manat gəlir əldə edib.

Hesabat dövründə “Azərsu” ASC-nin Bakı şəhərində kanalizasiya xidmətlərinin göstərilməsindən gəlirləri 8,9% - 38 milyon 426,6 min manata, o cümlədən əhaliyə sözügedən xidmətlərin göstərilməsindən gəlirləri 10 milyon 987,3 min manata qədər (artım 10,5%) azalıb. Ötən il paytaxtın kanalizasiya sisteminin istismar xərcləri 54 milyon 24,8 min manat (artım 17,9%) təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)