Birja

“Bakı Fond Birjası” üzvlərini mükafatlandıracaq

“Bakı Fond Birjası” QSC (BFB) qiymətli kağızların kütləvi təklifinin stimullaşdırılması istiqamətində son illərdə davamlı tədbirlər həyata keçirir.

"ENA" xəbər verir ki, bu barədə BFB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, mütəşəkkil qiymətli kağızlar bazarının stabil inkişafını təmin etmək, korporativ qiymətli kağızlar sektorunu canlandırmaq məqsədi ilə Birjanın Müşahidə Şurasının 2020-ci ildə təsdiqlədiyi “2021-2023-cü illər üzrə strateji prioriteti və tədbirlər planı” çərçivəsində korporativ qiymətli kağızların ticarətə cəlb edilməsi üçün mükafatlandırma mexanizmləri araşdırılıb.

Nəticədə, BFB iymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı anderraytinq xidməti göstərən investisiya şirkət(lər)inə aşağıdakı şərtlər əsasında pul mükafatının verilməsinə dair qərar qəbul edib:

1. Qiymətli kağızlar korporativ emitentlər (İpoteka və Kredit Zəmanıət Fondu istisna olmaqla) tərəfindən emissiya olunmaqla fond birjasında kütləvi təklif üsulu ilə yerləşdirildikdə aşağıdakı məbləğdə mükafat ödənilir:

1 000 000 – 3 000 000 manat olan səhm emissiyaları üzrə 2 000 manat, istiqraz emissiyası üzrə 1 000 manat mükafat ödənilir;

3 000 000 manatdan çox məbləğdə səhm emissiyası üzrə 5 000 manat, istiqraz emissiyası üzrə 3 000 manat mükafat ödənilir;

Yerləşdirilmiş səhmlər üzrə kumulyativ olmaqla rüblük əsasda 5 000 000 manat və daha çox məbləğdə ticarət həcmi üzrə 1 000 manat mükafat ödənilir.

2. Qeyd edilən mükafat birja üzvünə (üzvlərinə) hər bir emitent üzrə yalnız bir dəfə ödənilir;

3. Qeyd edilən mükafatlar yerləşdirilmiş həcm nəzərə alınmaqla hesablanır;

4. Xarici valyutada buraxılmış korporativ istiqrazlar üzrə həcmlər manat ekvivalentində nəzərə alınmaqla hesablanır.

5. Mükafatlandırma bu ilin sonuna qədər tətbiq edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)