Birja

İlon Maskın siyasi partiya qurmaq niyyəti Tesla-nın səhmlərini çökdürdü

Amerikalı milyarder və Tesla şirkətinin rəhbəri İlon Maskın ABŞ-da yeni siyasi partiya yaradacağına dair açıqlamasından sonra şirkətin səhmləri kəskin şəkildə ucuzlaşıb.

2025-ci il iyulun 3-də Tesla-nın səhmləri ticarəti $315,35 səviyyəsində bağlayaraq əvvəlki sessiyaya nisbətən cüzi, 0,1% azalma göstərmişdi. Lakin 7 iyul səhəri, premarketdə (əsas ticarət başlamazdan əvvəl) səhmlər birdən-birə 7,1% ucuzlaşaraq $291,88-ə qədər düşüb. Bakı vaxtı ilə saat 13:45-də isə səhmlər $294,89 səviyyəsində ticarət olunurdu.

Mask 2025-ci il iyulun 5-də ABŞ xalqına “azadlığı qaytarmaq” məqsədilə yeni siyasi partiya — “Amerika” partiyasını yaratdığını bəyan edib. ABŞ prezidenti Donald Tramp bu addımı sərt şəkildə tənqid edərək, Mask haqqında “tamamilə nəzarətdən çıxıb” ifadəsini işlədib.

İnvestorlar narazıdır

Business Insider nəşri, analitik Dən Ayvsə istinadən yazır ki, Tesla investorları “Maskın siyasətə olan həddindən artıq marağından artıq beziblər”. Ayvs əlavə edib ki, əgər milyarder Trampı “təhrik etməyə” davam etsə, bu, Tesla və SpaceX üçün əlavə problemlər yarada bilər.

Bu, Tesla səhmlərinin son günlərdə ilk dəfə enməsi deyil. İyulun 1-də də, Mask ilə Tramp arasında ictimai qarşıdurmanın fonunda, şirkətin səhmləri 7,7% ucuzlaşaraq $293,21 səviyyəsinə qədər düşmüşdü. O zaman Tramp bildirmişdi:

“Əgər hökumət subsidiyaları olmasaydı, Mask çoxdan biznesini bağlayıb, Cənubi Afrikaya qayıtmışdı.”

Gərginlik “Böyük və Möhtəşəm Qanun” ətrafında yaranıb

Prezident Trampın təşviq etdiyi və ABŞ-da dövlət xərcləri ilə vergiləri əhatə edən “Böyük və Möhtəşəm Qanun” Maskın davamlı tənqid obyektinə çevrilib. Bu qanun layihəsi ikili arasında siyasi qarşıdurmanın əsas səbəbi hesab olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)