Sığorta

Azərbaycanda 9 sığorta şirkətinin yığımları azalıb

Bu ilin yanvar-fevral aylarının yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 10-nun yığımları illik müqayisədə artıb, 9-nun yığımları azalıb, 1 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC) ötən ilin yanvar-fevral aylarında bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Xalq Həyat Sığorta" ASC-dir. Bu şirkət 2 ay ərzində 761 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 2,4 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “Azsığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 2,582 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 8% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət bazarı tərk etmiş “Rəvan Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 100% azalıb. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “PAŞA Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 5,2% azalaraq 65,814 milyon manata düşüb. 

8 sığorta şirkətinin ödənişləri artıb

Bu ilin yanvar-fevral aylarının yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 8-nin ödənişləri illik müqayisədə artıb, 9-nun ödənişləri azalıb, 3 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” və “Xalq Həyat Sığorta” və “Naxçıvan Sığorta” ASC-lər) ötən ilin eyni dövründə ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.

Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət Dövlət Sığorta Kommersiya Şirkətidir (“Azərsığorta”). Bu şirkət 2 ay ərzində  24,324 milyon  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 8 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Qala Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 783 min manat təşkil edib ki, bu da illik müqayisədə 11,8% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Xalq Sığorta" ASC-dədir. Bu şirkət 2 ay ərzində 3,155 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 9,3% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə bazarı tərk etmiş “Rəvan Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 77,2% azalaraq 23 min manata düşüb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)