Fevral ayında banklara vaxtında qaytarılmayan kreditlərin həcmi yenə artdı
Azərbaycanda bankların vaxtı keçmiş kreditlərinin həcmi 2 faizə yaxın artıb. Mərkəzi Bankın açıqladığı statistikaya görə, 2021-ci ilin fevralında bankların ayırdığı kreditlərin ümumi həcmi 14 milyon 619.5 min manat olub. Bunun 8 530,7 milyon manatı biznes, 3 634 milyon manatı istehlak kreditlərinin payına düşür. Ümumi kreditlərin 917,5 milyon manatı vaxtı keçmiş kreditlərin payına düşüb.
Xatırladaq ki, 2020-ci ilin sonunda bu rəqəm 893,1 milyon manat, yanvarda 900,4 milyon manat təşkil edirdi, yəni ötən bir ayda vaxtı keçmiş kreditərin həcmi 17,1 milyon manat artıb.
Ümumilikdə 2021-ci ilin fevralında bankların biznes subyeklərinə ayırdığı kreditlərin həcmi artıb. Ötən ay banklar 8 530,7 milyon manat dəyərində biznes krediti verib. Bu yanvar ayı ilə müqayisədə 74 milyon manat çoxdur. Həmin məbləğlərə fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlara verilən kreditlər də daxildir.
Azərbaycanda əhalinin geniş istifadə etdiyi istehlak kreditlərinin həcmi isə bu ilin fevralında 2%-ə yaxın azalıb. Mərkəzi Bankın açıqladığı hesabata əsasən, fevralda istehlak kreditlərinin ümumi həcmi 3 634 milyon manat olub. Bu, yanvar ayı ilə müqayisədə 68,6 milyon manat və ya 1,9% azdır.
Qeyd edək ki, 2021-ci ilin yanvar ayında istehlak kreditlərinin həcmi 3 702,6 milyon manat təşkil edib.
2020-ci ilin sonuna isə bu göstərici 3 661,2 milyon manat idi.