Qarabağ

SIPRI: Ermənistan silahların 94%-ni Rusiyadan, Azərbaycan isə 64%-ni İsraildən idxal edir

Son illərdə Ermənistan və Azərbaycan silah idxal edərək hərbi potensiallarını artırıblar. 2016-2020-ci illərdə Ermənistanın silah idxalının 94%-i Rusiyanın, Azərbaycanın silah idxalının isə 64%-i İsrailin payına düşüb.

“ENA” xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) bu gün dərc olunan hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, 2016-2020-ci illərdə adi silahların əsas növlərinin beynəlxalq tədarük həcmi 2011-15 illə müqayisədə eyni səviyyədə qalıb.

2016-2020-ci illərdə ABŞ dünyanın ən böyük silah ixracatçısı olaraq qalıb. ABŞ-ın qlobal silah ixracatındakı payı 2016-2020-ci illərdə 37%-ə yüksəlib (2011-2015-ci illərdə 32% olmuşdu). Silah tədarükü 96 ölkəyə edilib, yəni təchizat coğrafiyası digər tədarükçülərdən daha geniş olub. ABŞ silah tədarükünün təxminən yarısı (47%) Yaxın Şərq ölkələrinin payına düşüb.

2016-2020-ci illərdə ixrac həcminə görə dünyanın üçüncü və dördüncüsü olan Fransa və Almaniya da ixracat həcmlərini əhəmiyyətli dərəcədə artırıblar. 2016-2020-ci illərdə Fransadan əsas silah növlərinin ixracatı 2011-2015 ilə nisbətən 44% artıb. 2016–2020-ci illərdə Fransanın qlobal silah ixracatındakı payı 8,2% olub. Fransa silah ixracatının 59%-i Hindistan, Misir və Qətərin payına düşüb.

2016-2020-ci illərdə Almaniyanın silah ixracatı 2011-2015-ci ilə nisbətən 21% artıb. Qlobal silah ixracatının 5,5%-i Almaniyanın payına düşüb.

Əvəzində Rusiya və Çində silah ixracatının həcmində azalma qeydə alınıb. 2016-2020-ci illərdə Rusiyanın dünya silah ixracatındakı payı 20% olub. Dövrü müqayisədə isə 2016-2020-ci illərdəki silah ixracatı 2011-2015 ilə nisbətən 22% azalıb və təxminən 2006-2010-cu illərdəki səviyyəyə düşüb. Bu azalmanın əsas hissəsi - təxminən, 90%-i Hindistana silah ixracında 53% azalmanın olması ilə əlaqədardır.

Silah idxalında ən böyük artım Yaxın Şərq ölkələrində müşahidə edilib. 2016–2020-ci illərdə bu regiona 2011–2015-ci illə müqayisədə 25% daha çox silah göndərilib. Səudiyyə Ərəbistanı 2016–2020-ci illərdə dünyanın ən böyük silah idxalçısı olub. Ölkənin idxalatı əvvəlki beşillik dövrlə müqayisədə 61% artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)