Həyat tərzi

Qarşıdakının sizi aldatdığını necə öyrənmək olar?

İnsanın üzünə yalan danışmaq çətindir. Bəziləri tutulacaqlarına əhəmiyyət vermədən yalan danışırlar – bu onlar üçün normal bir şeydir. Lakin yalanın inandırıcı olması və ətrafdakılara həqiqət kimi təqdim edilməsi göründüyü qədər asan deyil. Yeni araşdırmalara görə, “keyfiyyətli” yalan danışmaq üçün çox səy tələb olunur – beyin o qədər məşğul olur ki, bədənin yalanı üzə çıxaracaq “siqnallar” verməsi riski ortaya çıxır.

Hollandiyalı və ingilis alimlər tərəfindən aparılan bu araşdırma Royal Society Open Science-də dərc edilmişdir.

İpucu

Üzünüzə yalan danışan şəxs, çox güman ki, bütün hərəkətlərinizi təkrar edəcək. Araşdırmada deyilir ki, yalan nə qədər mürəkkəbdirsə, qanunauyğunluq bir o qədər çox nəzərə çarpır.

Tədqiqatçılar bu fərziyyəni iki fərqli formada izah edirlər. Press-relizdə müəlliflər “yalan danışmağın, xüsusilə pul fırıldaqçılığı ilə məşğul olmağın zehni baxımdan çox çətin vəzifə” olduğunu vurğulayırlar. Birinci fərziyyəyə görə, yalan danışan şəxsin beyni fiziki hərəkətləri idarə etmək gücündə deyil, çünki bütün diqqətini qarşısındakı insanı aldatmağa yönəldir. Nəticədə beynin şüursuz hissəsi mövcud olan ən sadə variantdan istifadə edir: aldatdığı insanın hərəkətlərini təkrarlayır.

İkinci fərziyyə isə budur ki, idrak yükü hiyləgər adamı ağıllı və effektiv strategiyalar hazırlamaq üçün zəruri olan resurslardan məhrum edir. Yəni kimsə yalan danışarkən, onun diqqəti dinləyicinin reaksiyasına yönəldilir, bütün hərəkətlər isə şüursuzca təkrarlanır.

Təcrübələr

Bu fenomen “şifahi olmayan koordinasiya” adlanır və araşdırmalar bunun kiminsə zehni səy göstərdiyi zaman baş verdiyini təsdiqləyir. Bununla belə, bu tapıntılar bədənin müəyyən hissələrinin müşahidələrinə əsaslanır və onun bütövlükdə davranışının ətraflı mənzərəsini vermir. Aldatma ssenaridəki hər iki tərəfə həsr edilmiş araşdırmalar isə çox azdır.

Buna baxmayaraq, müəlliflərin iddia etdiyi kimi, “şifahi olmayan koordinasiya – bu, aldatma elementlərinin ən maraqlısıdır, çünki meydana gəlməsi avtomatik proseslərdən asılıdır, nəticədə idarə edilməsi daha çətindir.

Şifahi olmayan koordinasiyanı izləmək üçün iki təcrübədə iştirak edənlər hərəkət sensorlarını biləklərinə, başlarına və döş qəfəslərinə yapışdırdılar. Daha sonra onları üz-üzə cüt-cüt otuzdurdular.

Birinci təcrübədə zamanın dinamik dəyişkənliyi alqoritmi həqiqəti söylədikdən sonra getdikcə mürəkkəbləşən yalanı uyduran iştirakçıların hərəkətlərini analiz edildi. İkinci təcrübədə isə dinləyicilərə yalançının hərəkətlərinə nə qədər diqqət yetirməli olduqlarına dair təlimatlar verildi.

Nəticədə məlum oldu ki, “şifahi olmayan koordinasiya yalan mürəkkəbləşən zaman daha da güclənir”. Tədqiqatçılar həmçinin bu prosesin “respondentlərin şifahi olmayan davranışlara göstərdikləri diqqətdən təsirlənmədiyini” müəyyən etdilər. Nəticələrimiz idrak səyləri göstərən insanların təqlid kimi avtomatlaşdırılmış proseslərə etibar etdikləri barədə daha geniş fərziyyələrə uyğundur.

Yansıtma

Yalançının həmsöhbətin davranışını təkrar etməsinin üçüncü mümkün səbəbi var: bəlkə də o, şüuraltı olaraq “yansıtma” vasitəsilə qurbanlarının etibarını gücləndirməyə çalışır.

İnandırma sənətinə bələd olan hər kəs bilir ki, “yansıtma” başqa bir şəxsin hərəkətlərini təkrarlamağa aiddir və bu, qarşı tərəfin sizə daha xoş münasibət göstərməsinə nail olmağa kömək edə bilər. Beyində kimsə bizim hərəkətlərimizi təqlid etdikdə müsbət reaksiya verən “yansıtma neyronları” var. Nəticədə “limbik sinxronizm” adlanan bir proses işə düşür. Həmsöhbətinin hərəkətlərini şüurlu şəkildə təkrarlamaq – satış texnikaları arasında ən məşhurudur.

Beləliklə, nə zaman yansıtma qarşınızdakı insanın sizi aldatdığına işarə edir? Əlbəttə, yalan söyləmək və insanı lazımsız əşyanı almağa təşviq etmək – bir-birini tamamlayan anlayışlardır. Bəlkə də ən doğru reaksiya yansıtmanı gördükdə daha diqqətli olmaqdır. Avtomatik olaraq “yalançı!” deyə qışqırmaq lazım deyil, sadəcə ürəyinizdə bir addım geri çəkilin və həmsöhbətinizin dediklərini daha diqqətlə dinləyin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)