Sosial iqtisadiyyat

Kartdan karta xidmətindən necə təhlükəsiz istifadə etmək lazımdır?

Rəqəmsal transformasiya və texnoloji innovasiyalar bir çox maliyyə xidmətinə sürətli, asan və effektiv çıxış imkanı verir. Bunlardan biri və ən əsası şəxsdən şəxsə (P2P) və ya kartdan karta (C2C) pul köçürmə əməliyyatlarıdır. Bu əməliyyatlar sayəsində siz öz kart hesabınızdakı vəsaiti digər şəxsin kart hesabına köçürə və ya digər şəxsdən həmin vəsaitləri qəbul edə bilərsiniz. Kartdan karta əməliyyatlarını aşağıdakı ödəniş vasitələri ilə həyata keçirmək mümkündür:

1) Mobil bankçılıq və ya internet bankçılıq;

2) Bankomat (ATM);

3) Ödəniş xidməti təchizatçıları;

4) Digər bankların internet səhifələri və.s.

Eləcə də bax: Kartdan pulu necə oğurlayırlar? – Ehtiyatlı olmağınız üçün məsləhətlər

Ölkəmizdə fəaliyyət göstərən 26 bankın 20-nin mobil tətbiqi üzərindən ölkədaxili, 7-nin mobil tətbiqi ilə ölkəxarici kartdan karta köçürmə əməliyyatları həyata keçirmək mümkündür. Hal-hazırda 7 bankın mobil tətbiqi üzərindən 30-dan çox ölkəyə kartdan karta pul köçürməsi əməliyyatı həyata keçirmək mümkündür.

Unutmaq lazım deyil ki, kart məlumatınızı tanımadığınız şəxslərlə bölüşmək məqsədəuyğun deyil. Dostunuzun sizə vəsaiti göndərməsi üçün ona yalnız kartın 16 rəqəmli nömrəsi (PAN) lazım olacaqdır. Əgər sizdən əlavə olaraq bank kartınızın bitmə tarixi və adətən kartın arxasında qeyd edilən 3 rəqəmli kart yoxlama dəyəri (CVV/CVV2/CVC/CVC2) tələb edilirsə, bu halda ödəniş əməliyyatının həyata keçiriləcəyi və vəsaitin sizin kartınızdan silinəcəyi yəqin edilməlidir.

Bildirmək istərdim ki, son dövrlərdə fırıldaqçılar tərəfindən həyata keçirilən dələduzluq hallarında göndərilən saxta linkə daxil olduqda vəsaitin bank kartınıza mədaxili üçün kartınızın nömrəsi, bitmə tarixi və təhlükəsizlik kodu, hətta birdəfəlik şifrə tələb edilir. Tanımadığınız şəxslər tərəfindən göndərilən linklərə daxil olmayın, daxil olmusunuzsa kart məlumatlarını daxil etməyin. Unutmayın, vəsaiti karta mədaxil etmək üçün kart nömrəsi kifayətdir, kart üzərindəki digər məlumatları vəsaiti qəbul etmək üçün daxil etməyin. Bu fırıldaqçılıq əməliyyatıdır. Fırıldaqçılar sizin sayta daxil etdiyiniz məlumatları əldə edərək, real səhifələrdə köçürmə və ya ödəniş əməliyyatı icra edirlər.

 

Image for post
Ödəniş kartının üzərində yerləşən məlumatlar

Kartınız 3 səviyyəli təhlüksizlik xidmətini dəstəkləyirsə (3D Secure), həmçinin ödənişin və ya köçürmənin həyata keçiriləcəyi saytda bu təhlükəsizlik tələbi quraşdırılıbsa, nömrənizə daxil olan birdəfəlik şifrəni onların göndərdiyi səhifəyə daxil edirsiniz. Bu halda fırıldaqçılar daxil etdiyiniz şifrəni əldə edərək sizdən xəbərsiz həyata keçirdikləri ödəniş və ya köçürmə əməliyyatını tamamlayırlar. Bu halda gələcəkdə bankınıza əməliyyatın sizin tərəfinizdən həyata keçirilmədiyini inandıra bilməyəcəksiniz. İnandırsanız belə, həmin vəsaiti geri qaytara bilməyəcəksiniz. Əgər kartınız 3 səviyyəli təhlükəsizlik xidmətini dəstəkləmirsə, bank tərəfindən təyin edilən maksimum əməliyyat məbləği limiti, sizin minimum itkiniz olacaqdır.

 

Image for post
Ödəniş və ya köçürmə əməliyyatlarının təhlükəsizliyini təmin edildiyini göstərən loqolar.

Bütün bunları nəzərə alaraq, innovativ və təhlükəsiz həllər təklif edən banklar və digər ödəniş təşkilatları tərəfindən vəsaitlərin göndərilməsi və qəbulu üçün müxtəlif icra mexanizmləri hazırlanmış və əhalinin istifadəsinə təqdim edilmişdir. Belə ki, mobil həllər üzərindən dosta pul göndərmək, dostdan pul istəmək imkanları təqdim edilməkdədir. Bu imkanlar vasitəsilə siz kart məlumatınızı təqdim etmədən və ya kiminsə kart məlumatını almadan sadəcə məbləği qeyd edərək, məbləği göndərəcəyiniz və ya istəyəcəyiniz şəxsin mobil nömrəsini əlaqələrdən seçərək pul göndərə və ya qəbul edə bilərsiniz. Bununla kart məlumatlarınızı müxtəlif mesajlaşma tətbiqlərində göndərməyinizə ehtiyac qalmayacaqdır.

Dələduzlara aldanmadan innovativ ödəniş alətlərindən istifadə edin.

Müəllif: Araz Həsənzadə

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)