BİZNES

ASK rəsmisi: “Gənclərimiz sahibkar olmaqdan qorxur”

“Biz tez-tez tədbirlərdə gənclərdən kimin sahibkar olmaq istədiyini soruşuruq. Amma təəssüf ki, onlar bundan çəkinirlər. Çünki onlar qorxurlar”.

ENA.az xəbər verir ki, bunu Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi çərçivəsində keçirilən “Rəqəmsal dövrdə maliyyə savadlılığının gücləndirilməsi” adlı Azərbaycanda Maliyyə Savadlılığı üzrə təlimçilərin İllik Yığıncağında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Baş katib əvəzi Kristina Məmmədova deyib.

Onun fikrincə, maliyyə savadlılığı ilə bağlı təlimlər gənclərin özünə inamını artıra bilər.

“ASK-nın regionlarda 40-dan çox nümayəndəliyi var. Biz sahibkarlarımızın maliyyə savadlılığının artırılması üçün addımlar atırıq. Regionlarda maliyyələşmə ilə bağlı təlimlərimiz olur. Bəzən görürük ki, təcrübəli sahibkarlar bankdan pulsuz xidmət gözləyirlər. Onlar heç bank komissiyasını da ödəmək istəmirlər. Düşünürlər ki, sahibkardırlar və onlara dəstək olmalıdır. Hesab edirəm ki, maliyyə savadlılığı orta məktəblərdən, universitetlərdən tədris edilməlidir. Ümid edirəm ki, Təlimçilər Klubu yaradılacaq və biz də ASK olaraq buna dəstək verməyə hazırıq", - deyə Konfederasiya rəsmisi qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)