Suyun bahalaşması “moyka” qiymətlərini qaldıracaqmı?
Tarif (qiymət) Şurasının, xəbər verdiyimiz kimi, dünən növbəti iclası keçirilib.İclasda “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.
Qərar 2021-ci il fevralın 1-dən qüvvəyə minir.
Həm məişətdə və istehsalatda su geniş istifadə olunur. Suyun əsas istifadə yerlərindən biri də avto yuma məntəqələridir.
Əsas istifadə vasitələri su olan "moyka"lara suyun tarifinin qaldırılması təsir edəcəkmi?
“Daha öncə yanacağın, indi də suyun qiymətinin qalxması hər bir sahəyə olduğu kimi, "moyka"lara da öz təsirini göstərəcək. Bir avtomobilin yuyulması üçün ən az 40-60 litr arası sudan istifadə edirik. Bu müştərinin sifariş və razı qalmasından asılı olaraq dəyişir. Təsəvvür edin ki, 40-60 litrlik su pulunu eyni miqdar istifadə etməklə indi iki qat 80-120 litr su pulu olaraq ödəyəcəyik. İstifadə etdiyimiz su miqdarı bəzən daha çox olur. Bu, müştərinin tələbindən asılı olaraq dəyişir. Bizim indiyə qədər aylıq təqribi 500-700 manat su pulu ödənişimiz var idisə, artıq bu məbləğ iki qat artacaq. Bu, əlbəttə, avtoyuma qiymətlərinə təsir edəcək. Yanacaq qiymətlərinin qalxması zamanı heç bir dəyişiklik etməmişik. Əslində buna ehtiyac olub, lakin vətəndaşların onu qarşılamasını nəzərə alaraq, biz bu addımı atmamışıq”.
Bu sözləri Tarif Şurasının yeni qərarının avtomobil yuma mərkəzlərinin fəaliyyətinə necə təsir göstərəcəyi ilə bağlı fikirlərini bölüşən paytaxt “moyka”larından birinin sahibkarı Namiq Musayev deyib.
Sahibkar yanacaq qiymətlərinin qalxmasının bir çox məhsulun bahalaşmasına səbəb olduğunu da vurğulayıb:
“Bizim sahədə istifadə olunan şampun, təmizlik vasitələrinin qiymətində fərq yaranıb və bu fərqin yenidən yaranacağı gözlənilir. Daşınma xəcləri bu məhsulların qiymətinin bahalaşmasına səbəb olur. Həm də avto yuma cihazlarının tez-tez dəyişən hissələrinin, şlanqların qiymətləri bahalaşıb. Bundan başqa qiymətlərdə yaranan fərqlərə görə işçilərin maaşlarının qaldırılmasına zərurət yaranır. Çünki aldıqları maaş qiymət artımına görə tələbatı ödəmir. Bütün bu hallar bizim qiymətlərdə artım etməmizə səbəb olacaq”.
Avtomobilin yuyulmasının qiymətinin müştəridən və sifarişdən asılı olaraq dəyişdiyini bildirən sahibkar qeyd edib ki, avtomobilin növü də qiymətə təsir edir: "Belə ki “Sedan” tipli avtomobillərin yuyulma qiyməti 7-10 manat arası, “Ceep”lərdə isə 10-15 manat arası dəyişir. Suyun tarifinin qalxması moyka qiymətlərinin qalxmasına mütləq səbəb olacaq. Xərclərin qarşılanmasını təmin etmək üçün avtoyuma qiymətlərinin 3-5 manat arası bahalaşacağı gözlənilir. Müştərilərin ödəmə gücünü nəzərə alaraq qiymət artımını çox etmək mümkün deyil”.
Namiq Musayev sonda vətəndaşların yaranacaq qiymət artımında digər sahələrdə olduğu kimi anlayış göstərilməsini, irad etməmələrini istədiyini qeyd edib. O, qiymət artımını yaradacaq amillərə görə buna məcbur olduqlarını bildirib.
BiznesMedia.az