ABŞ şirkətləri Qarabağın bərpasında iştirak edə bilər
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşüb.
Bu barədə "ENA"ya İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, görüşdə M.Cabbarov ABŞ-la iqtisadi, ticarət, sənaye və s. sahələrdə tərəfdaşlığın inkişaf etdiyini qeyd edib. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini vurğulayıb, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının hazırlandığını, konsepsiyada dövlət-özəl tərəfdaşlığından geniş istifadənin, həmçinin xarici investorlar üçün xüsusi təşviq proqramlarının, ərazilərin inkişafı üçün xarici şirkətlərin cəlb edilməsinin nəzərdə tutulduğunu bildirib.
Ö. Litzenberger Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi münasibətilə təbrikini çatdırıb, regionda dayanıqlı sülhün bərqərar olmasının önəmini vurğulayıb. Səfir ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştiraka hazır olduqlarını qeyd edib, xüsusilə su ehtiyatlarının idarə olunmasında, yol və digər infrastrukturun yaradılmasında, rəqəmsal və innovativ texnologiyalar sahəsində əməkdaşlıqda maraqlarını diqqətə çatdırıb.
Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.