Sosial iqtisadiyyat

Ani Ödənişlər Sistemində “QR kod”la ödəmə funksionallığı istifadəyə verilib

Prezident İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Mərkəzi Bankının (AMB) yaratdığı Ani Ödənişlər Sistemi (AÖS) ötən il oktyabrın 1-dən real rejimdə istismara verilib.

ENA.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, AÖS-ün yaradılmasında əsas məqsəd fiziki şəxslər, biznes strukturları arasında qarşılıqlı hesablaşmaların, həmçinin dövlət orqanlarının xeyrinə aparılan ödəniş əməliyyatlarının bank hesabları üzərindən 24/7 rejimində mobil telefon nömrəsi, FİN kod, e-poçt ünvanı kimi sadələşdirilmiş identifikatorlar vasitəsilə innovativ ödəniş həllərindən istifadə edilməklə aparılmasıdır.

Layihənin cari mərhələsində sistemin “AniPay” mobil tətbiqi istismara verilib. Tətbiq vasitəsilə fiziki şəxslər öz bank hesablarından köçürmələri, “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş dövlət orqanları, kommunal təşkilatlar, rabitə operatorları və digər kütləvi xidmət müəssisələri üzrə ödənişləri, həmçinin fiziki şəxslər arasında vəsaitin sorğulanması və aparılmış köçürmənin geri qaytarılması əməliyyatlarını həyata keçirə bilərlər.

Qeyd olunanlarla yanaşı, sistemin yeni istifadəyə verilmiş mobil tətbiqi vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi qeydiyyata aldığı e-kassa operatorlarından pilot olaraq seçilmiş “NBA Technologies International” şirkətinin və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin iştirakı ilə Bakı şəhəri və Abşeron rayonu üzrə “Neptun” supermarket şəbəkələrində malların dəyərini “QR kod” vasitəsilə rahat və təhlükəsiz formada ödəmək imkanı yaradılıb.

AÖS-ün platformasında istifadə olunan “QR kod” həlli innovativ nağdsız ödəniş üsuludur. Bu ödəniş üsulunun üstünlükləri ödənişlərin birbaşa bank hesabları üzərindən aparılması və əldə olunan malların dəyərinin ödəniş kartından istifadə etmədən mobil qurğular vasitəsilə həyata keçirilməsidir. Xüsusilə pandemiya şəraitində gündəlik ödənişlərin fiziki təmas olmadan təhlükəsiz formada həyata keçirilməsi üçün “QR kod” effektiv ödəniş həlli hesab olunur. “QR kod” ödəniş həllindən istifadə sahibkarlar üçün də əlverişli şərait yaradır. Belə ki, qəbul edilən ödəniş məbləği real rejimdə təsərrüfat subyektinin bank hesabında əks olunur ki, bu da həmin vəsaitlərdən daha səmərəli, operativ istifadə edilməsini mümkün edir. Sistemin “QR kod” ödəniş həllindən istifadə zamanı kart ödənişləri ilə müqayisədə təsərrüfat subyektləri üçün daha əlverişli xidmət haqqı tətbiq olunmaqla nağdsız ödənişlərin qəbulu imkanı yaradılmışdır. Eyni zamanda, AÖS-ə inteqrasiya olunmuş bütün banklar öz mobil tətbiqlərində sözügedən “QR kod” ödəniş həllini tətbiq etməklə nağdsız ödənişlərin həyata keçirilməsi imkanını əldə etmişlər.

AÖS platformasına 18 bank, aliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC inteqrasiya olunub. AMB AÖS-ün əhatə dairəsinin genişləndirilməsi və “QR kod” ödəniş həlli vasitəsilə nağdsız ödənişlərin artırılması istiqamətində tədbirləri davam etdirəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department