Dollar ucuzlaşdıqca qızıl bahalaşır
Bu gün səhər hərraclarında dollar indeksinin azalmasının da təsiri ilə qızıl bahalaşıb.
“ENA” xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyüçersi dünən cüzi ucuzlaşdıqdan sonra bu gün 0,85 faiz bahalaşaraq 1 829,9 ABŞ dollarından satılıb. Gümüşün mart fyüçersi də 0,79 faiz bahalaşaraq 25,637 dollardan satılıb.
Hərraclarda dolların ucuzlaşması başqa pul vahidlərilə alış-veriş edən sərmayəçilərin qızıl almaq imkanlarını daha da artırır. Bununla yanaşı ABŞ hökumətinin iqtisadiyyata dəstək verməsinə dair proqnozlar da dolların məzənnəsinə təsir edir. Belə ki, yeni seçilən prezident Co Bayden tətbiq edəcəkləri dəstək zərfinin “trilyonlarla dollar” məbləğində olacağını bildirib.
“IG Market”in eksperti Kayl Rodda (Kyle Rodda) “Reuters”ə bildirib ki, yeni administrasiyanın iqtisadi dəstək tədbirləri infilyasiya gözləntilərini artırır ki, bu da qısa perspektivdə qızıl bazarına müsbət təsir edəcək. Bununla yanaşı, uzun perspektivdə faiz dərəcələrini aşağı səviyyədə saxlayan Federal Ehtiyatlar Sisteminin (FRS) də çevikliyindən çox şey asılıdır.
FRS qərarları baxımdan mühüm əhəmiyyət daşıyan infllyasiyaya gəlincə, ekspertlərin proqnozlarına görə dekabr ayında ABŞ-da illik infllyasiya 1,2 faizdən 1,3 faizədək yüksəlib.